TƏBİB-ə də təbib lazım olarmış!- “Dərmanlar çox baha, yazıq insanlar…”

COVİD-19 virusuna yoluxma statistikası  4 mini ötüb. Koronavirusun müalicəsində effektiv hesab edilən dərmanlar isə "od qiymətinədir".  Virusa yoluxanlar, eləcə də sağalanlar TƏBİB və Səhiyyə Nazirliyindən gileylənirlər. 
Korona bəlasından yenicə sağalmış jurnalist Famil Cəfərli Feysbuk profilində yazır:

“Bir nəfərin virusdan sağalması üçün 1500-1800 manat vəsait lazımdır”. Digər Feysbuk istifadəçisi Nüşabə Əsədova adlı şəxs isə "dərmanlar çox baha, yazıq insanlar" statusunu  paylaşıb. Bu məsələ dəfələrlə gündəmə gəlsə də , müvafiq orqanlar məsuliyyəti bir-birinin üzərinə atırlar. Deyəsən, bu qurumların özünə də bir təbib lazımdır.

Pandemiyaya görə işsiz qalan, sosial təminatı yaxşı olmayan ailənin bir və ya bir neçə üzvü koronavirusa yoluxarsa, həmin ailəni hansı acı aqibətin gözlədiyini təsəvvür etmək çətin deyil.

Bir sözlə, o ailə ya böyük məbləğdə borclanmalıdır, ya da sadəcə özünü koronavirus adlı “taclı bəlanın” pəncəsinə keçirməlidir.



Mövzu ilə bağlı “Sherg.az”a danışan həkim Həsrət Rüstəmov bildirib ki, epidemiyaya səbəb olan olan viruslar həddən artıq adamı xəstələndirdiyinə görə sığorta şirkəti onun altından qalxa bilmir. Ona görə bu cür xərcləri ödəmək dövlətin "boynunda qalır":

 "Pandemiyanın ilk dönəmində qərara əsasən həkimlərin zəruri hesab etdiyi dərmanları poliklinika vətəndaşlara verirdi. Son vaxtlar bu barədə  dəqiq məlumatım yoxdur. 

İndiki halda vətəndaşlar dərmanı almırsa, demək, etiraz etmək də haqlıdırlar,  çünki preparatları dövlət verməlidir. Vətəndaş daha etibarlı istehsalçının dərmanını istəyirsə, öz cibindən başqa yerdən ala bilər.
Amma ən zəruri sayda olan dərmanları dövlət qarşılamalıdır".