Ağcaqanadlar 3 ölümcül xəstəlik yaradır

Professor vətəndaşları qorunmağa çağırıb

Türkiyənin İstanbul şəhərindəki özəl xəstəxanalardan birində Orqan transplantasiyası Bölümündə çalışan professor doktor  Onur Yaprak havaların hələ də isti keçməsinə diqqət çəkərək vətəndaşları ağcaqanadlardan qorunmağa çağırıb. “Milliyet.com”un yazdığına görə, professor hazırda ağcaqanadlar vasitəsilə çox təhlükəli viruslar – “Qərbi Nil”, sarı humma (flavi-virus), “sıtma”, “dang hərarəti”, “chikungunya”, “Zika” kimi virusların yayılma ehtimalından danışıb. Yoluxma mənbəyi ağcaqanadlardır.

İnsanlar bu viruslara  əsasən ağcaqanad sancması ilə yoluxur. Bəzi elm adamları tərəfindən Makedoniyalı İskəndərin də ölüm səbəbi olaraq bilinən “Qərbi Nil” virusuna yoluxmuş hər 5 nəfərdən 1-də yüksək hərarətlə yanaşı, ishal, qusma, əzələ ağrıları, baş ağrısı, ümumi bədən ağrıları müşahidə edilir. Onur Yaprak dünyada hər il 700 milyon insanın ağcaqanadların yaydığı viruslara yoluxduğunu, yüz minlərlə insanın məhz bu xəstəliklərdən həyatlarını itirdiyini söyləyib. Və ağcaqanad sancmasından qorunmağı tövsiyə edib: “Türkiyədə 7 cinsə aid ümumilikdə 62-dən çox ağcaqanad növü var. Hər növ də fərqli bir virus daşıyıcısıdır.

Cənub-şərqi Asiyanın tropik və subtropik bölgələrində yayılmış “Asiya qaplanı” ağcaqanadı Afrika ilə Cənubi Amerikaya aid sarıhumma ağcaqanadının son zamanlarda ölkəmizdə də populyasiyası artıb. Onlar əsasən istifadə edilib atılmış avtomobil təkərləri, ağac oyuqları və günlərlə dəyişdirilmədən ağzı açıq halda saxlanan su qablarının içində çoxalırlar”.

Professor ağcaqanad sancması ilə yarana bilən ağır xəstəliklərə diqqət çəkib:

“Virusa yoluxanlarda ensefalit – beyin iltihabı və ya meningit kimi ciddi xəstəliklər yarana bilir. Ağcaqanadın yoluxdurduğu sarıhumma virusu isə qara ciyər, böyrək və dalaq kimi daxili orqanları zədələyir. Qara ciyərdə hepatitə səbəb olaraq sarılıq, qanda qatılaşma, damar sərtliyi, qanama kimi ciddi problemlərə yol açır”. Professor bu viruslara qarşı da peyvəndlərin mövcud olduğunu deyib. Və səyahətə hazırlaşanların peyvənd vurdurmalı olduğuna diqqət çəkib, qeyd edib ki, dünya üzrə hər il təxminən 30 min insan sarıhumma virusundan vəfat edir.