Cəmiyyətdə səhiyyə sisteminə inamsızlıq var

Pandemiya bütün problemləri, bərbad idarəetməni gün üzünə çıxardı

"Ona görə də insanlar bir-birilə məsləhətləşərək vəziyyətdən çıxmağa çalışır. Həkimlərdən çox insanlar bir-biriylə məsləhətləşir"


"Peyvənd olunmayan şəxs işləyə bilməz, yəni dövlət və özəl qurumda çalışıb dolanmaq üçün pul qazana bilməz. Eyni zamanda təhsil də ala bilməz. Qalanları boş şeydi, ticarət mərkəzləri filan, amma əsas iki dəyər peyvənd olunmayanların əlindən alınır. Biri işdir, biri təhsil. Bunun nəyi könüllüdür, kimə lazımdır bu riyakarlıq? Niyə deyilmir peyvənd məcburidir, bu, daha səmimi olmazdımı? Məhz elə səmimiyyətin olmaması insanların etibarını kökündən qırır. Özü də sizə deyim, peyvənd əleyhinə olanları cahil, nadan adlandırmaq da düzgün deyil. Belələri istənilən düşərgədə var”. 

Bu fikirlər aparıcı-bloger, səyyah, məşhur "Oralar..." verilişindən tanıdığımız Azər Qəribə məxsusdu. Sosial şəbəkədə yazıb bunları dünyanı gəzən Qərib Azər.

“Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”, kəlamı, bizcə, Qərib Azərə yüzdə-yüz aid edilə bilər. Həqiqətən, çox gəzib dünyanı. Çoxumuzun görmədiyi yerləri, ölkələri görüb. Ona görə də məlumatlıdı. Məsələn, İsraildə əhalinin 80 faizinin vaksinasiya olunduğunu, lakin buna baxmayaraq hazırda yoluxma sayında öncül ölkə hesab edildiyini bilir. İsveçdə isə karantin qaydalarına əhəmiyyət verilmədiyini, vaksinləşmə ilə bağlı da araşdırma aparılıb “peyvənd olunmayanlar olunanlardan daha yüngül keçirir” nəticəsinə gəlindiyini yazır. Gəzə-gəzə dünyanı altına-üstünə çevirən Qərib Azər yazır ki,  özü peyvənd vurdurub, lakin peyvənd vurdurmaq istəməyənləri də anlayır: “Bu, normal prosesdir, təzyiq artdıqca müqavimət də artır. Çünki təbliğatda qeyri-müəyyənlik var, mətbuat müxtəlif xəbərlər yayır, biri deyir, peyvəndin xeyri yoxdur, “prosta” ölmürsən, biri deyir, xeyiri var, sadəcə, bundan yox, digərindən vurmaq lazımdır, biri deyir, 6 aydan sonra 3-cü doza vurulacaq, sonra 4-cü, ömürboyu filan, beyin şişir oxuyanda. Üstəlik peyvəndin gələcəkdə fəsadları haqda heç kim heç nə deyə bilmir, pafoslu çağırışlardan başqa inandırıcı rəylər yoxdur. Bu isə anlaşılandır, belə nəticələr üçün illər lazımdır. Hələ mən İsveçlə Belarusiyanı demirəm, gözləri deşirlər öz təcrübələri ilə… Eyni zamanda, insanlar baxırlar ki, xəstələnənlərin çoxu bu azarı normal keçirir, mən qarışıq. Peyvənd vurduranların xəstələnməsi isə skepsisi daha da artırır”.

Qərib Azər 2 ilə yaxındır Operativ Qərargahın  mətbuat xidmətini yarada bilməməsini, cəmiyyətlə mütəmadi, fasiləsiz kommunikasiya qura bilməməsini, sadə suallara cavablar verilməməsini dözülməz sayır:

“TƏBİB-i o qədər sağdan-soldan vururuq ki, qorxusundan səsini çıxarmır, brifinqdən brifinqə görürük üzlərini, bəs biz kiminlə danışaq? O deyir mənlik deyil, bu deyir mənlik deyil, üçüncüsü deyir bizə dəymə, biz milli peyvənd icad edirik. Nə isə... Bircə onu proqnozlaşdıra bilərəm ki, cəmiyyətlə düzgün, bərabər şəkildə, insanlara hörmət edilərək ünsiyət qurulmasa, sadə suallara cavab verilməsə, saxtakarlıq artacaq və həbslər bunun qabağını ala bilməyəcək”.

Azər Qərib COVİD pasportu ilə bağlı qaydaların bir müddət sonra qüvvədən düşəcəyini də yazır:  “Bir neçə il əvvəl təmtəraqla qanun qəbul edildi ki, bağlı məkanlarda siqaret çəkmək olmaz, gedin ölkənin kafe-restoranlarını gəzin, bəzi istisnalarla yerlərin çoxunda "fıs-sa-fıs" siaret çəkilir, adam boğulur tüstüdən. Bu pasport məsələsi də belə olacaq. Çünki nə otel, nə restoran belə mübarizə metoduna dözə bilməyəcək. Gərək pasportları yoxlamaq üçün əlavə işçi götürəsən, növbələr düzüləcək, axırda müştəri tüpürüb ayrılacaq. Baxarsınız, çox zaman çəkməz bu qaydalar ya ləğv olunacaq, ya da onlara əməl edilməyəcək, sadəcə aylıq haqq veriləcək ki, yoxlama gəlməsin. Bəs nə etməli? Nə bilim. Bilsəydim gedib orda oturardım...” 
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə oxşar məzmunlu paylaşımlar artıb. İnsanlar fikirlərini yazır, dirəndiyimiz dalandan çıxış yolu axtarırlar. Peyvəndləmə, “dalğalar”, müalicə, COVİD pasportu, anti-cisim, immunsertifikat... əhali nə edəcəyini bilmir. Doğru-düzgün yol göstərən, məsləhət verən də yoxdur. 

Vətəndaş Cəmiyyətinə yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında vətəndaşların narahatlığının əsaslı olduğunu dedi:

- Mən də bir vətəndaş kimi məlumatlandırma və maarifləndirməni yetərli saymıram. Cəmiyyətdə səhiyyə sisteminə inamsızlıq var. Bu da illərlə formalaşmış inamsızlıqdır. Ona görə də insanlar bir-birilə məsləhətləşərək vəziyyətdən çıxmağa çalışır. Həkimlərdən çox insanlar bir-biriylə məsləhətləşir. Bir-birinə tövsiyə verir. Mən birinci dozanı fevral ayında vurdurdum, sonra da ikincini. O zaman peyvənd tələb olunmurdu. Tövsiyə edilirdi. İnsanlarda da arxayınlıq yarandı.

Amma o vaxt desəydilər, elan etsəydilər ki, peyvəndləmə vacibdir, indiki vəziyyət yaşanmazdı. Görürük, indi necə basabasdır. Poliklinikalar bu işin öhdəsindən gələ bilmir. Onlayn növbə sistemi qarışıb siyahı sisteminə, nömrə “almağa”. İnsanlar qalıb çaşbaş. Bu onu  göstərir ki,  səhiyyədə  müstəqil idarəetmə yoxdur. Gözləyirlər, yuxarıdan desinlər, göstəriş versinlər. 21-ci əsrdə belə bir idarəetmə sistemi özünü doğrulda bilməz. 

M.Zülfüqarlı eyni vəziyyətin təhsil sistemində də yaşandığını dedi:

- Ali məktəblərdə Azərbaycan tarixi fənninin tədris saatı 90-dan 60-a endirilib. 60 saatın 30-u mühazirə, 30-u seminardı. Saatların qoşa olduğunu nəzərə alsaq, Azərbaycan tarixi fənni 15 gün ərzində tədris edilib bitməlidi. Bu nə deməkdi?! Biz nazirliyə müraciət etdik ki, bu, yolverilməzdir. Azərbaycan tarixi fənninin tədris saatı artmaqdan, əksinə, azalıb. Təkcə 44 günlük Vətən müharibəsi haqqında günlərlə danışılmalıdır, geniş tədris olunmalıdır. Bizi müxtəlif şöbələrə, ora-bura yönləndirdilər, nə bilim, dedilər, Nazirlər Kabineti qərar verməlidir. Tədrislə bağlı Təhsil Nazirliyi  qərar verə bilmirsə, daha bu nə nazirlikdir?! Nə qədər ki, məmurlar belə ətalət içində olacaq, vətəndaşlar da çaşbaş qalacaq.