Bəlğəmdən əziyyət çəkirsinizsə... 


Asan müalicə vasitələri və üsulları var

Keçirdiyi xəstəlik soyuqdəymədir, qripdir, yoxsa koronavirus, ya onun yeni törəməsi “Omicron”dur, nədir, müəyyənləşdirə bilməyənlər burun tutulması, baş ağrısı, öskürək, bəlğəmdən də əziyyət çəkirlər. Xalq təbabətində bəlğəmgətirici bir çox vasitələr mövcuddur. Türkiyənin Tibbi və Ətirli Bitkilər üzrə mütəxəssisi Ayhan Ercan bəlğəmi sinədən “söküb atmağın” yollarını sadalayıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu vasitələrdən biri səhləb bitkisidir. 

Bu bitkinin köklərindən əldə edilən təbii səhləb tozu südlə qarışdırılır. Bu qarışıq boğazı nəmli saxlayaraq bəlğəmi yumşaldır və xaricə çıxarılmasını yüngülləşdirir. Mütəxəssis məsləhət görür ki, apteklərdə satılan, süni ətir, nişasta, süd tozu qarışıqlı səhləb tozunu almaq məsləhət deyil. Təbii səhləb tozu və təbii südə üstünlük verilməlidir. Bu qarışıq hamilə qadınlar, körpəsini əmizdirən analar və uşaqlar üçün tamamilə təhlükəsizdir. Səhləb tozlu qarışığı südə darçın və ya 1 çay qaşığı  zəncəfil əlavə etməklə də içmək olar. 

Bəlğəmgətirici digər vasitə okalipsus, adaçayı, kəklikotu və nanı yağı qarışığından alınan məlhəmdir. Bu bitkilər qədim zamanlardan bəlğəmgətirici vasitə kimi tanınır. Bu yağlardan mənzildəki havanı nəm saxlamaq üçün də istifadə edilir. 1 kasa suyun içinə bu yağlardan hər hansı birini damızdırmaqla mənzildə radiator və sobaların qurutduğu havanı təravətli və nəm saxlamaq olar. Bəlğəmgətirici vasitələrdən ən güclüsü həm də təbii baldır. 500 qram balın içinə 1 çay qaşığı kəklikotu yağı, 10 damcı nanə, 10 damcı okalipsus və 10 damcı da adaçayı yağı əlavə edilir. Gün ərzində - səhər və axşam 1 çay qaşığı qəbul edilir. 5 yaşdan yuxarı uşaqlara isə gündə 1 dəfə,1 çay qaşığı vermək məsləhətdir. Mütəxəssis qeyd edir ki, bu məcunu birdəfəyə udmaq yox, ağız boşluğunda saxlayıb əridərək yavaş-yavaş udmaq lazımdır. Öskürək və bəlğəmə qarşı həmçinin quru, kök zəncəfilli kəklikotulu çay da xeyirlidir. 

Mütəxəssis xüsusilə zəncəfilin quru və köklü formasını məsləhət görür. Çünki bu zəncəfildə faydalı maddələr üyüdülmüş zəncəfilə nisbətən daha çoxdur. Hindistanlılar min illərdir qrip və soyuqdəyməyə qarşı zəncəfilli-ballı çaydan istifadə edirlər.