Ümid işığı... - Alzaymerin müalicəsində çox vacib bir irəliləyişə nail olunub

Yapon alimlər pluripotent kök hüceyrələrdən ibarət beyin sinir hüceyrələri üzərində tədqiqat apararaq alzaymer xəstəliyinə meyilli insanların genetik özəlliklərini müəyyən edib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, yapon alimlər bu tədqiqat nəticəsində alzaymer xəstəliyinin müalicəsində çox vacib bir irəliləyişə nail olunacağına ümid edir. Məlumdur ki, alzaymer xəstəliyinin konkret müalicəsi hələ də yoxdur. 

Kyoto Universitetinin İPS Hüceyrələrini Araşdırma və Tətbiqetmə Mərkəzindən professor Haruhişa Inouenin rəhbərlik etdiyi alimlər qrupu hərəkətə gətirilmiş pluripotent kök hüceyrələrdən ibarət beyin sinir hüceyrələrini tədqiq edərək alzaymer xəstəliyinə meyilli insanların genetik özəlliklərini müəyyənləşdiriblər. 

Bu tədqiqatda alzaymer xəstəliyi diaqnozu qoyulmuş 102 nəfər iştirak edib. Tədqiqat nəticəsində xəstəliyə səbəb olduğu düşünülən anormal proteinlərə bağlı 496 kiçik gen mutasiyası müəyyən edilib, həmçinin anormal protein miqdarına nəzarət edən 8 gen də təsbit edilib. 

Bu tədqiqatlar xəstəliyin səbəblərinin üzə çıxacağına və müalicə üsullarının da önünün açılacağına inam yaradır. Yapon alimlər bu fikirdədir ki, hərəkətə gətirilmiş pluripotent kök hüceyrələrin dəri və ya qan hüceyrələrindən əldə edilərək erkən mərhələdə pluripotent hüceyrələrə çevrilə biləcək şəkildə proqramlaşdırılması mümkündür. Bu hüceyrələr müalicə məqsədilə hər hansı insan hüceyrəsinə çevrlə bilir. Alzaymer xəstəliyi beyin hüceyrələrinin getdikcə yox olmasına gətirib çıxaran neyroloji xəstəlik hesab edilir. 

Hazırda dünyada 50 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Xəstəlik insanlarda düşüncə, hafizə və davranış funksiyalarının azalmasına səbəb olur. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmədiyindən müalicəsi də çətindir.