Efirə çıxıb tərifləməklə iş bitmir


Əhalinin böyük qismi hələ də icbari tibbi sığorta haqqında ətraflı bilgiyə malik deyil

    Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax (203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və Göygöldür (154). İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən cari ilin yanvar ayı ərzində 58 şəhər və rayonda 421 134 vətəndaşa 1 488 464 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələrinə 655 626 müraciət daxil olub. 

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 295 394-ü ambulator, 193 070-i isə stasionar şəraitdə göstərilib. Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

Açıqlanan statistika barədə fikirlərini “Şərq”lə bölüşən pediatr Vaqif Qarayev qeyd etdi ki, bu cür məlumatlar həvəsləndirici xarakter daşıyır: 

- Əhalini tibbi sığortadan istifadə etməyə həvəsləndirirlər. Lakin hesab edirəm ki, tibbi sığorta ilə bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır. Çünki əhalinin böyük bir qismi hələ də icbari tibbi sığorta haqqında ətraflı bilgilərə malik deyil. Bilgisi olanlar da tibbi sığortadan lazımi şəkildə yararlana bilmir. Bilirsiz, efirə çıxıb danışmaqla, tərifləməklə iş bitmir. Hamımıza məlumdur ki, icbari tibbi sığortanın tətbiqi üçün lazımi şərait hər yerdə yoxdur. Heç Bakının özündə, baxmayaraq ki, paytaxtdır, poliklinikalarda zəruri tibbi müayinə vasitələri çatışmır. Məsələ, nə qədər insanın tibbi sığorta üçün müraciət etməsində deyil. Məsələ, tibbi müayinə vasitələrinin, müalicə vasitələrinin hansı dərəcədə əlçatan olmasındadır. Sual olunur, hazırda dövlət tibb müəssisələrində, yerli poliklinikalarda müasir tibbi avadanlıqlar varmı? KTM müayinəsi mümkündürmü? Laboratoriyalarda analiz aparatları varmı? Səhiyyədə ilkin tibbi zəncir poliklinikalardır. İlk növbədə poliklinikalar tibbi avadanlıqlarla təmin edilməlidir. Deyəcəklər ki, var, bəli, tibb müəssisələri müasir tibbi avadanlıqlarla təchiz olunub. O zaman soruşuram, niyə rayonlardan əhali paytaxta axışır, sürünə-sürünə Bakıya gəlirlər? Var, lap yaxşı. Olsun. Amma boş-boşuna tərif söyləməklə bir müddət insanları inandırmaq olur. Sonra insanlar həqiqəti başa düşür. Mən qətiyyən əhalini günahlandırmıram. Lazımi avadanlıq yoxdursa, insan xəstəliyin müalicəsi üçün əlbəttə paytaxta gələcək, özəl tibb müəssisələrinə müraciət edəcək. Burda əhalinin günahı yoxdur. Əhalinin günahı deyil ki, avadanlıq, aparatlar yoxdur. Günah işi təşkil edə bilməyənlərdədir. 

V.Qarayev bildirdi ki, bir sıra regionlarda tibbi sığorta xidməti üçün əhali tərəfindən müraciətlərin sayının artması yaxşı haldır: 

- Bu, ilk növbədə onunla əlaqədar ola bilər ki, həmin regionlarda əhali tibbi sığorta ilə artıq tanışdır. Belə bir xidmət növünün olduğunu bilir. Ötən ilin aprelindən icbari tibbi sığorta ölkə boyu tətbiq olunmağa başlayıb.  Pandemiya bir müddət buna mane oldu, amma hər halda proses başladı. İcbari tibbi sığorta əhali üçün çox ciddi sosial layihədir. İllərlə pulsuz tibbi xidmət görməyən, bunu xəyal belə edə bilməyən əhaliyə indi pulsuz tibbi xidmət təklif olunur. Bu mənada əhalinin tibb müəssisələrinə axını tamamilə anlaşılandır. Amma yenə də problem müraciət edənlərin lazımi tibbi müayinə və xidmətlə hansı dərəcədə təmin edilməsidir. Tibbi sığorta paketi nələri əhatə edir, əhalinin aztəminatlı hissəsi tibbi sığortadan hansı dərəcə faydalanır? Bu suallara cavab verilməlidir:

- Qonşumuz Gürcüstan bir əmrlə icbari tibbi sığortaya keçid etdi.  Əhaliyə sığorta kartları paylandı və bildirildi ki, bu kartla tibb müəssisəsinə gedəcəksiz, sizə pulsuz tibbi xidmət göstəriləcək. 

Bizdə kart sistemi deyil, şəxsiyyət vəsiqəsi ilə müraciət edilir. Tibbi sığortanın tətbiqi asan deyil. Hər ölkə bunu öz imkanları daxilində həll edir. İmkanlarına uyğun modellər tətbiq edir. Kart olmasın, şəxsiyyət vəsiqəsi olsun. 

Fərqi yoxdur, təki ödənişsiz tibbi xidmət göstərilsin. 

Yəni kasıb Gürcüstan bunu bacardı, varlı Azərbaycan bacarmır? Orda da sovet təfəkkürüylə işləyən yaşlı nəsil həkimlər vardı, amma gənclər yanaşma tərzini dəyişə bildilər. 

Həkimin müayinə, müalicə üçün müraciət etmiş şəxsdən maddi maraq güdməsi, ayıbdır! Gürcüstan neqativ hallarla mübarizə apardı və Qərb səhiyyə sisteminə keçid edə bildi. 

Bizdə də belə olmalıdır. Yetər ki, mane olmasınlar. Kim də bu işə mane olursa,  yaxasından yapışıb bayıra atmaq lazımdır.