Yoluxucu xəstəliklərə qarşı ən effektli üsul peyvənddir




Uşaqların planlı peyvəndlənmədən kənar qalmasının səbəbkarı valideynlərdir

Planlı peyvəndləmədən kənarda qalan uşaqların siyahıları hazırlanır. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova deyib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ölkədə aprel ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir: "İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib. Səhiyyə naziri Teymur Musayevin 24-30 apreldə respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır". 

Şöbə müdiri qeyd edib ki, immunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olur: "Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və “soyuq zəncir” sisteminə nəzarət olunur. Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub". Nazirlik rəsmisi əlavə edib ki, “İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırmasının növbəlilik əsasında olması nəzərdə tutulur. Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması isə “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir: "Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır".

Uşaqların bəzən peyvnədlənmədən kənarda qalmasına səbəb nədir? 

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında bunu birmənalı olaraq valideyn məsuliyyətsizliyi ilə əlaqələndirdi: 

- Açıq deyirəm ki, uşaqların peyvənddən kənar qalmasının əsas səbəbkarı valideyndir. Sovet vaxtı immunizasiya məcburi idi və dövlətin strateji məqsədlərinə daxil idi. O zaman uşaqlarını peyvənddən kənar saxlayanları hətta milisə verirdilər. 

Təzyiq edilirdi ki, uşaqlar mütləq peyvənd olunmalıdır. Amma bu şərtlər də dəyişdi. İnsan hüquqları, könüllülük prinsipinə üstünlük verilir. Peyvənddən imtina edən valideyn iltizam ərizəsi yazır, bununla da yaxasını kənara çəkir. Yəni sabah hansısa xəstəlik və ya ölüm halı baş versə, məsuliyyət valideynin üzərində qalır. Amma məsələnin bir başqa vacib tərəfi var.
 Peyvəndlənməyən uşaq da bağçaya gedir, məktəbə gedir və onun başqa uşaqları yoluxdurma ehtimalı böyükdür. Kimsə uşağına peyvənd vurulmasını istəmirsə, o zaman zəhmət çəksin, övladını uşaq bağçasına, məktəbə də buraxmasın. Niyə başqalarının uşağı kiməsə görə yoluxmalıdır? 

Pediatr peyvəndlə bağlı əhali arasında yayılan mənfi fikirlərin təsdiqini tapmadığını söylədi: 

- Yoluxucu xəstəliklərə qarşı ən effektiv üsul peyvənddir, bundan başqa hansısa üsul hələ ki tapılmayıb. 

Peyvəndlə bağlı çox şeylər danışırlar. Amma peyvəndi əvəz edən başqa vasitə yoxdur. 2018-də ölkədə qızılca yayılmışdı. Qızılca çox təhlükəli xəstəlikdir, COVİD-lə eyni ağırlığı daşıyır, çünki öldürücüdür. Qızılcanın qarşısını yenə də peyvəndlə almaq mümkün oldu. Başqa ölkələrlə bağlı da örnəklər var. Məsələn, 2017-ci ildə Rumıniyada da qızılca, Gürcüstanda isə həm qızılca, həm də “donuz qripi” tüğyan edib. Qarşısını çox çətinliklə aldılar.  Göy öskürək adlanan ağır xəstəlik var. Boğulma ilə müşayiət olunur.  Ana gətirir uşağı həkimə ki, bəs uşaq öskürəkdən boğulur. Soruşursan, “peyvənd olunub?”, cavab verir ki, “yox”. Niyə? Cavab yoxdu. Ana deyir “nə bilim”. Bəzi valideynlər cahillikdən uşaqlarını peyvənddən uzaq saxlayır. Bilməzlikdən, məlumatsızlıqdan. Əhali arasında maarifləndirmə işi güclənməlidir, başa salınmalıdır ki, peyvənd vacibdir. Əhaliyə çağırış edilməlidir. Əyalətlərdə vəziyyət daha pisdir. Bəzən də hamilə qadınlar qeydiyyata düşmür. Əslində isə körpə dünyaya gələn kimi qeydiyyata alınmalı, yerli poliklinikalara, tibb müəssisəsinə məlumat verilməlidir ki, körpə peyvənddən kənar qalmasın. Belə hallar azdır. Əsas səbəb valideynlərin körpələrini peyvənddən kənar saxlamasıdır. 

V.Qarayev qeyd etdi ki, valideynlərin peyvənd qorxusunun heç bir əsası olmasa da, şayiələr mənfi təsirini göstərir: 

- Böyük Britaniyada həkimləri məhkəməyə vermişdilər ki, peyvəndlərin tərkibində ağır metallar var, körpələrin sağlamlığını təhdid edir. Amma bu iddia təsdiqini tapmadı. Hətta həkimlər arasında peyvəndə qarşı çıxan xüsusi qruplar var. 

Daha valideyndən nə gözləyəsən?!. Peyvəndlər niyə bəzən əks təsir göstərir, bunun da səbəbi var. Peyvənd yad zülaldır. O, orqanizmə yeridiləndə hansısa mənfi təsir göstərməsi təbiidir. 

Amma bu təsir qısa müddətli, uzaqbaşı 3 sutka davam edir. Bəzən yerli əlamətlə özünü göstərir, iynənin yeri qızarır, qaşınır, tez də keçir. Bəzən də orqanizm daxilində hansısa mənfi hal baş verir, adətən qızdırma olur. Bu da qısa müddətdə ötüb keçir. Mən 15 il uşaqlara peyvənd vurmuşam, bir dəfə də ağır fəsad olduğunu görməmişəm.  

Hər bir pediatr “öz uşağını” tanımalıdır. Sahə həkimləri xüsusilə. Həkim bilməlidir, körpənin hansı problemləri var, hansısa  xəstəliklər keçirib, ya yox. Vaksinasiyanı da buna müvafiq aparmalıdır.