Çiçəkləməyə başlayır

Böyürtkənin faydalarını saymaqla bitməz

Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə qarşı dərman olduğunu ortaya çıxarıb

   Böyürtkən kolları çiçəkləməyə başlayır. Bir neçə gündən sonra böyürtkən çiçəklərinin ətri hər tərəfə yayılacaq. Böyürtkən möcüzəvi bitkilərdən biridir. Moruq cinsinə aiddir. Görünür, budaqları tikanlı, dalayıcı olduğundan adına “böyrü tikanlı” deyilib. Xalq arasında bu adla da tanınıb. Bu bitkinin 250-dən çox növü var. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılıb. Qərbi Sibir, Qazaxıstan, Orta Asiya və Qafqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları var.  

Ölkəmizdə 15 növü yayılıb. Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur.  Çiçək açdıqdan təxminən 1 ay sonra meyvəsi yetişir.  Qırmızı, qara, al-qırmızı və sarı meyvələri olur.  Azərbaycanda irimeyvəli, gec yetişən və quraqlığa çox davamlı böyürtkən növləri yetişir. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır. 
Böyürtkənin faydalarını saymaqla bitməz. Müalicəvi və pəhrizi əhəmiyyətə də malikdir. Tərgətirici və sidikqovucu kimi istifadə edilir. Meyvəsinin tərkibində şəkər (qlükoza, fruktoza və saxaroza), pentazon, üzvi turşular (alma, limon, salisil və s.), C və B qrupu vitaminləri, pektin və karotin maddələri  vardır. Yabanı halda bitən böyürtkəndə şəkər, üzvi turşular, aşı, pektin, boyayıcı maddələr, C vitamini və karotin miqdarca daha çoxdur.  Böyürtkən qan azlığında, avitaminozda, ürək zəifliyində, eləcə də xroniki mədə xəstəliklərində çox faydalıdır.
Azərbaycanın xalq təbabətində böyürtkən bitkilərinin meyvələrindən, yarpaq və köklərindən bir sıra xəstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında [qrudnaya jaba] istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir. Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə qarşı dərman olduğunu ortaya çıxarıb. Meyvəsi ilə yanaşı, böyürtkənin çiçəyinin də diabet və böyrək daşları üçün xeyirli olduğu müəyyənləşdirilib. Suyunun sıxılaraq içilməsi ishal xəstəliyində, qurudulmuş yarpaqları isə ağızdakı yaralar üçün faydalıdır. Bitki antosianlar və antioksidantlarla olduqca zəngindir. Qan təzyiqini nizamlayır, ayaqlardakı şişləri aradan qaldırır, ağız, dil və diş əti iltihablarına qarşı faydalı təsir göstərir. Göz zəifliyinə xeyirli təsir göstərir, maddələr mübadiləsini sürətləndirir. Aspirini təbii əvəz edən bitkidir və orqanizmə zərər vermir. Böyürtkən həm də sinir sistemi üçün çox faydalıdır. Stresi azaldır, beyin-qan dövranını yaxşılaşdırır, hafizəni gücləndirir, yuxunu normallaşdırır.

Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər. Bundan başqa böyürtkənin yarpaqları və kal meyvələrini açıq günəşli havada qurudub, çay kimi dəmləyərək uşaqlarda tez-tez baş verən qarın ağrılarına, ishala qarşı büzüşdürücü və antiseptik dərman kimi qəbul edirlər. Böyürtkənin tam yetişmiş meyvələri zərif işlədici təsirə malikdir. Onun köklərini qurudub xırdalayaraq ondan 1 çay qaşığı 1 stəkan qaynar suya təkərək 30-40 dəqiqə dəmdə saxlandıqdan sonra soyudub qarın ağrısına qarşı - ishal və dizenteriya zamanı içirlər. 

Yetişməmiş meyvələrindən qora suyu hazırlayıb, iştahartırıcı kimi yeməkdən qabaq hər dəfə bir xörək qaşığı içmək məsləhətdir. Bunu belə hazırlayırlar: təzə dərilən meyvələrin şirəsinin içinə bir az reyhan qatır, sonra bu qarışığı şüşə bankalara tökərək 1- 2 həftə saxlayırlar.

Böyürtkənin yetişmiş meyvələrindən hazırlanan mürəbbə soyuqdəyməyə qarşı təbii tərlədici vasitə olduğu kimi,  qurudulmuş meyvələrindən və yarpaqlarından da çay hazırlayıb, soyuqdəyməyə qarşı tərlədici dərman kimi istifadə olunur. 
Qurudulmuş köklərini suda bişirib vərəm xəstəliyinə qarşı dərman kimi işlədirlər. Böyürtkən yarpaqlarını çay kimi dəmləyərək boğaz ağrısı zamanı dezinfeksiyaedici dərman kimi qarqara edirlər. Bundan başqa yarpaqlarını inək yağında bişirib, yanıq zamanı məlhəm kimi tətbiq edirlər.

Aparılan araşdırmalardan böyürtkənin yaddaş zəifliyinə qarşı da müalicəvi təsir göstərdiyi məlum olub. Bütün bunlarla yanaşı böyürtkən antioksidantlarla zəngindir, böyürtkənin meyvəsi qan təzyiqini nizamlayır, görmə qabiliyyətinə müsbət təsir edir, ayaqlardakı şişliyi aradan qaldırır, ağız, dil, diş və diş əti iltihablarına xeyirlidir. Kökünü qaynadıb suyunu içdikdə isə qandakı şəkərin miqdarını aşağı salır.