Hamı maskanı çıxarıb


Qrip virusu müəyyən qədər artacaq

Artıq koronavirusa yoluxmanın kəskin şəkildə azalmasına şahid oluruq. Mayın 16-da yoluxma və ölüm sayı 0 olub. Hətta maska tələbinin ləğv edildiyi zamanda gün ərzində yoluxma və ölüm sayının olmaması müsbət haldır. Amma son zamanlar insanlar arasında qrip virusunun yayılmasına rast gəlirik. Pandemiyanın kəskin sürətdə yayılan vaxtlarında isə qripə yoluxma halı görülmürdü. Hazırda quru sərhədlərin açılması və COVİD-19 pasportunun ləğvi məsələsi gündəmdədir. Turizm mövsümünün başlanmasına az qalıb. Ona görə də istirahət üçün xarici ölkələrə üz tutmaq istəyən insanlara növbəti yumşaldılmanın sərhədlər və pasportla bağlı olması arzuolunandır.

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, artıq bütün dünyada yoluxma sayında azalma tendensiyası müşahidə olunur: 

"Buna görə də Çin istisna olmaqla digər ölkələrdə artıq quru sərhədlərin açılması, vaksin sertifikatı tələbi aradan qaldırılması məsələsinə baxıla bilər. Bunun hər hansı ciddi təhlükə yaradacağını düşünmürəm. Pandemiya müddətində insanlar ciddi şəkildə maskadan istifadə edirdilər. Bu səbəbdən qrip virusuna da yoluxma olmurdu. İndi isə maska taxmaq məcburiyyətinin ləğvi ilə əlaqədar qrip və digər kəskin respirator virus infeksiyaları müəyyən qədər artacaq. Lakin bu, o qədər də çox olmayacaq. Çünki artıq yay fəslinə doğru gedirik".