Yaşlı insanların Həcc ziyarətinə getməsi hələ ki doğru deyil
Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var:
"İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb. Koronavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək"
İlahiyyatçı Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, dünyanı ağuşuna almış COVİD-19 pandemiyası ilə bağlı Həcc ziyarətinə də məhdudiyyət qoyulub:
"İki ildən artıq müddətdə davam edən bu əngəl artıq aradan qaldırılma ərəfəsindədir. Lakin məlum xəstəlik hələ tam götürülmədiyi üçün nisbi qadağalar davam etməlidir. Dinimizdə də buyurulur ki, yoluxucu xəstəliklərin baş verdiyi bir zamanda ibadətlərə məhdudluq qoyula bilər. Həcc ziyarəti də kütləvi şəkildə insanların toplaşmasını vacib hesab etdiyi üçün sıx şəkildə cəmləşməmək mümkün olmur.
Ona görə hesab edirəm ki, pandemiya bitməyənə qədər məhdudiyyətlərin olması normaldır. Əsasən, yaşlı nəslin ziyarətə getməsinin əngəllənməsi belə halda təbiidir.
Çünki onların yoluxma ehtimalı daha çoxdur. Dinimizdə insanın özünü təhlükəyə atması qadağandır. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin hansı formada məhdudiyyət tətbiq edəcəyindən məlumatım yoxdur. Yaxud Həcc ziyarətinə rəhbərlik edən Səudiyyə Ərəbistan hökumətinin hansı şərtləri qoymasına baxmaq lazımdır.
Həcc ziyarətindən hər il milyardlarla dollar gəlir əldə edən Səudiyyə Ərəbistanı inanmıram ki, qəsdən ziyarəti məhdudlaşdırsın. Ancaq yeganə səbəb pandemiyanın tam bitməməsi ilə əlaqədar olaraq, tətbiq edilən qadağalar ola bilər".