Ancaq Azərbaycan koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri oldu
Koronavirusla mübarizə dövründə ən böyük problemlərdən biri məhz oksigen təminatı ilə bağlı olub". Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva deyib.
Problemin səbəbi isə budur ki, ölkədə heç vaxt bu qədər oksigen təminatına ehtiyac olmayıb. Bu işin təşkili və yaranmış problemlərin qiymətləndirilməsi olduqca vacib idi. Təbii ki, daxildə bu qiymətləndirmə aparılmışdı və müvafiq boşluqları müəyyən edərək işlər də görülüb.
Onun sözlərinə görə, ölkədə koronavirus pandemiyası başlayandan dövlət qurumları ilə birgə beynəlxalq qurumların da Azərbaycanın yanında olması müsbət amildir.
Pandemiya dövründə Azərbaycanda COVID-19-la mübarizə işinin səmərəli təşkil olunduğunu vurğulayan infeksionist- hepatoloq Mərdan Əliyevin “Şərq”ə açıqlamasına görə, obyektiv səbəblərdən yaranan digər çatışmazlıqlar da var:
“Oksigenin çatışmazlığına səbəb aparatların çox baha olması və koronavirusa yoluxma hallarının çox olması ilə bağlı idi. Həqiqətən də pandemiyadan əvvəl ölkədə heç vaxt bu qədər oksigen təminatına ehtiyac olmayıb və oksigen balonlarının sayı sabit olub. Hətta pandemiya dövründə ciddi çatışmazlıq yaranmasın deyə xaricdə əlavə oksigenlər alındı. Buna rəğmən yoluxma sayının birdən-birə sürətlə artması və ciddi ağırlaşmaların müşahidə edilməsi bu sahədə müəyyən problemlərin yaşanmasına səbəb oldu. Pandemiyadan əvvəl oksigen aparatları ağciyər zədələnmələri və ağırgedişli pnevmaniyalarda istifadə olunurdu. COVİD-19-a yoluxma zamanı da pnevmaniyaların sayı bir neçə dəfə artmağa başladı və oksigenlərə tələbat artmağa başladı”.
Koronavirusa qarşı mübarizə çərçivəsində səhiyyənin təşkili ilə bağlı yaşanan digər problemlərə gəldikdə isə M.Əliyev deyib ki, əsas problem yoluxmanın ilk aylarında apteklərdə maska, spirt, dərman çatışmazlığı ilə bağlı idi: “Bir neçə xəstəxananın sadəcə "Covid-19"a yoluxan xəstələr üçün ayrılmasına rəğmən Koronavirus mərkəzlərində yer çatışmazlığı yaşandı. Bütün bunları isə nöqsan kimi qeyd etmək düzgün deyil. Təbii proses idi. Koronavirus infeksiyası qəfildən bütün dünyanı lərzəyə saldı və ölkələr heç bilmədikləri bir xəstəliklə mübarizə aparmaq məcburiyyətində qaldılar. Bu baxımdan ilk aylarda hansısa çatışmazlıqların, narazılıqların yaşanması gözlənilən idi.
Amma sonrakı mərhələdə Azərbaycan koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən biri oldu. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanıb, digər ölkələrə nümunə göstərilib. Qısa müddət ərzində ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Modul tipli tibb müəssisələri yaradıldı. Halbuki, Avropa ölkələrində, xüsusən də Almaniyada, sadəcə, xəstəxanaların infeksion şöbələri koronaviruslu xəstələr üçün ayrıldı. Bu da digər şöbələrdə yatan xəstələrin də virusa yoluxması ilə nəticələnirdi. Bu mənada koronavirusla mübarizə sahəsində görülən tədbirləri yüksək qiymətləndirmək olar”.
Pandemiya zamanı COVİD-19-un müalicəsində istifadə olunan dərmanların qiymətinin bir neçə dəfə baha qiymət satılmasına gəldikdə isə infeksionist deyib ki, bu da tələbin çox olmasından qaynaqlanan bir problem idi: “Dərmanlar yox idi. Dövlət xətti ilə ölkəyə gətirilməsi gecikdiyi üçün sui-istifadə halları artdı. Tapılmayan dərmanları apteklər birbaşa xarici ölkələrdən əldə edib baha qiymətə satırdılar. Bu, hər nə qədər xoşagəlməz hal olsa da, qarşısını almaq da mümkün olmurdu”.