- Şahvələd Məmmədov: “Sürətli ürək döyüntüsü və yüksək təzyiq yaradır”
Paytaxtda 40 yaşlı şəxsin miokard infarktı keçirməsinin səbəbi davamlı enerji içkisi qəbul etməsidir. Bunu kardioloq Gülanə Ağayeva sosial mediada bildirib. Onun sözlərinə görə, gecə saat 3 radələrində sinəsində kəskin ağrılar olan 40 yaşlı pasiyent təcili yardıma müraciət edib. Kardioqramma göstəriciləri və pasiyentin şikayətləri ürəyin ön divarının infarktına uyğun olub.
“Xəstəyə angioqrafiya icra edəndə ön damarının tamamilə tıxandığını gördük. Damarı bərpa etdik, xəstəni vəziyyətdən çıxardıq. Ağrıları keçdi və kardioqramı düzəldi”. G.Ağayeva qeyd edib ki, pasiyentdən alınan analizlər və toplanan məlumatlar zamanı onun gündə 4-5 banka enerji içkisi qəbul etdiyi məlum olub: “Biz dəfələrlə enerji içkilərinin və siqaretin zərərlərindən danışsaq da, insanlar bunu sadəcə oxuduqlarımızı danışırmışıq kimi anlayırlar. Amma biz yalnız oxuduqlarımızı danışmırıq, praktikada gördüklərimizi deyirik. Gənc yaşlarda miokard infarktına səbəb olan ən böyük faktorlardan biri enerji içkiləri və siqaretdir”.
Bütün dünyada olduğu kimi Azərbaycanda da ürək-damar sistemi xəstəliklərinin və infarkt hallarının gəncləşməsinin müşahidə olunduğunu deyən həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, burada bir çox səbəblər var, enerji içkiləri də onlardan biridir: 
- İnsanlarımıza deyəndə ki enerji içkilərini qəbul etməyin, az qəbul edin, inciyirlər ki nə ziyan var, hamı içir. Enerji içkilərinin tərkibində tək bir ziyanlı maddə yoxdur. Baxın, orqanizmə mənfi təsir göstərən əsas komponentlər yüksək dozada kofein, həddindən artıq şəkər, taurin, quarana və qlükoronolakton maddələridir ki, bunlar süni və konsentrasiyalı birləşmələrdir. Bu maddələr təkbaşına və ya az miqdarda zərərsiz görünsə də, enerji içkilərindəki yüksək dozaları və bir-biri ilə qarşılıqlı təsiri orqanizm üçün ciddi risklər yaradır. Yüksək dozada kofein mərkəzi sinir sistemini həddindən artıq stimullaşdırır. Sürətli ürək döyüntüsü, taxikardiyaya səbəb olur, yüksək qan təzyiqi, yuxusuzluq, kəskin təşviş və asılılıq yaradır. Daha bir çox ziyanları var. Qanda şəkəri gah qaldırır, gah düşürür, qara ciyərə, böyrəklərə ziyan vurur və sair. Enerji içkiləri də ziyandır, alkoloq, siqaret, narkotk maddələr, passiv həyat tərzi, oturaq rejim, hərəkətsizlik, ziyanlı qidalar, qızarmış, təkrar emaldan keçmiş qidalar... Səbəblər çoxdur. Bunların nəticəsidir ki, infarkt hallarına əvvəllər 60-70 yaşlı insanlarda rast gəlinirdisə, son 5 ildə bu yaş həddi 30-40 və hətta 20-li yaşlara qədər enib. Çünk risk faktorları artıb. Risk faktorları artdıqca xəstəlik yaşı aşağı düşür, yəni xəstəliklər gəncləşir. Nə lazımdır? Sağlam, fiziki aktiv həyat tərzi keçirmək, vaxtaşırı həkim müayinəsindən keçmək. Bu, mümkün risklərin aradan qaldırılmasına kömək edəcək.