Adil Qeybulla:“Hər bir halda ölkəmizdə rəsmi qeydiyyata alınmayıb. Amma bizdə də olması real və mümkündür”
Dünya artıq yeni bir pandemiya olan - meymunçiçəyi ilə üz-üzədir. Getdikcə bir ölkədən digərinə yayılır. Qərb qonşumuz Gürcüstanda da meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Yer üzünə məlum olan xəstəliyin aktivləşdiyi bir dönəmdə suçiçəyinə yoluxma faktı da artıb. Ətrafımızda isə bəzi şəxslərin bu virusu keçirdiyinə rast gəlirik. İnsanlarda təbii olaraq, meymunçiçəyinə yoluxma ehtimalı ilə bağlı narahatlıq yaranır. Üstəlik şəkillərdə onun çirkin görüntü yaradan mənzərəsinə baxmaq tripofobiyalı adamlar üçün olduqca dözülməzdir. Əlamətləri suçiçəyi ilə bənzəyir. Nəticədə insanlarda sual yaranır - Görəsən, şahidi olduğumuz "zelyonkalanmışlar" suçiçəyidir, yoxsa meymunçiçəyi?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, bu gün meymunçiçəyi virusu bütün dünyada aktiv yayılıb:
"Əvvəlki klinik əlamətlər aşkarlanmır. Bəzi xəstələrdə az, müəyyən bir qismində səpkilərin aralıq nahiyəsində və s. olması ilə özünü göstərir. Yaxud temperaturun yüksəlməsi ilə müşahidə olunmur. Bu səbəbdən birmənalı şəkildə virusun Azərbaycanda mövcudluğu barədə fikir söyləmək çətindir. Hər bir halda ölkəmizdə rəsmi qeydiyyata alınmayıb. Amma bizdə də olması real və mümkündür.
Çünki Azərbaycan qloballaşan dünyanın təkib hissəsidir. Bütün dövlətlər lazımi tədbirlər görməlidir. O cümlədən dünya ölkələri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri əsasında hərəkət edilməlidir".