AQTA ilə Səhiyyə Nazirliyi əlbir işləyir: Zəhərlənmələr gizlədilir!

Eyyub Hüseynov:“Bütün hallarda günahı istehlakçının özündə görürlər"

“Agentlik məhsulların yalnız təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi kənarda qalır”


Ötən həftə Bakı şəhərində yerləşən Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2 tələbəsi - Balayev İslam Oruc oğlu və İmanov Bahadur Muradxan oğlunun kolbasa məhsulundan zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayılan informasiyaların təsdiqini tapmadığını diqqətə çatdırıb. Qeyd olunub ki, həmin şəxslər  2 saylı Kliniki Uşaq Xəstəxanasına müraciət ediblər: Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib. Qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Onlara “kəskin qastrit” diaqnozu qoyulub. Adıçəkilən tələbələrin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar”.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanlarının təsdiqlədiyi rəsmi məlumatlara etibar etməlidirlər.

Kolbasadan zəhərlənmə halları ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyidinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, AİB-in işinin təxminən 10 faizini qida məsələləri təşkil edir:

"Təxminən 20 min istiqamətin kiçik bir hissəsi də qida problemləridir və istehlakçı hüquqlarını qoruyuruq. 26 ildir, qidadan zəhərlənmə hadisələrini izləyirəm. Artıq bununla bağlı konkret fikirlər formalaşıb. AQTA yaranmazdan öncə qidalara sertifikat verən və əhalinin sağlamlığı keşiyində duran təşkilat eyni idi. Bu, Səhiyyə Nazirliyi (SN) olub. Həmin dövrdə qidadan zəhələnən insanlar ciddi cəhdlə gizlədilirdi. Çünki ictimaiyyətə məlum olarsa, iş məhkəməyə gedib çıxarsa, kiməsə kompensasiya vermək məcburiyyəti yaranardı. Daha sonra Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaranıb. Təəssüf ki, AQTA da qidaya sertifikat təqdim edən orqanla birləşib. Hər zaman bu təşkilatların bir-birindən ayrı olmasının tərəfdarı olmuşuq ki, sertifikat verən orqan cavahdehlik daşısın. Azərbaycanda qidadan zəhərlənmə ümumdünya göstəricisindən təxminən 400 dəfə aşağıdır. 26 ildə bir dəfə də Azərbaycan həkiminin qida zəhərlənməsinin hansı səbəbə baş verdiyini göstərən sənədi öz xətti ilə yazıb, imzaladığını görməmişəm. Bütün hallarda günahı istehlakçının özündə görürlər".

AİB rəhbəri vurğulayıb ki, hazır ət məhsulları bazarında böyük problemlər yaşanır:

"KİV belə hadisələrin ifşasında çox böyük rol oynayır. Analoji durumlarda AQTA-nın İctimai Şuranın üzvi olaraq, KİV-də gedən informasiyaların izlənilməsini tələb edirəm. Agentliyin sədr müavini səviyyəsində işlərin yerinə yetirildiyi deyilsə də, tədqiqatlarımız əksini söyləyir. Həmçinin AQTA KİV-lə bərabər effektli işləsə, vəziyyət xeyli dəyişə bilər. Əfsuslar olsun ki, ölkədə biznes inkişafı siyasəti var. İstehlakçı hüquqlarının qorunması məsələsi yox səviyyəsindədir. Ölkədə standartlara uyğun, təmiz heyvan ətindən kolbasa istehsal edən müəssisələr mövcuddur. Həmçinin qeyd etmək lazımdır ki, kolbasa məhsullarının təxminən 70 faizi xarici malların payına düşür. Bu, yolverilməzdir. Hökumət elə bir fəaliyyət planı cızmalıdır ki, yerli kolbasa istehsalçıları stimullaşdırılsın və bu faiz onların hesabına dəyişdirilsin. Agentlik məhsulların yalnız təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi kənarda qalır. AQTA və dövlətin bu siyasəti vətəndaşların əlində tikə olan zaman zəhərlənməyəcəyinə zəmanət verir. Hökumət istəyir ki, bircə vergi yığılsın, büdcə dolsun. AİB bu mövqenin qəti surətdə əleyhinədir. Dəfələrlə Agentlikdə xaricdən gələn, xüsusilə Hazır ət məhsullarının etiketindəki informasiya ilə tərkibinin yoxlanılması məsələsinə diqqət çəkmişəm. Təəssüf ki, rəhbərlik bununla razılaşsa da, işini yerinə yetirmir. Böyük aldadılma var. Təhlükəsiz və keyfiyyətsiz məhsullar insanların həyatına öz mənfi izlərini buraxır".

E.Hüseynov qida zəhərlənmələri ilə bağlı istehlakçılara üzünü tutub:

"Şübhəli bir məhsula rast gəldikdə 1003 "Qaynar xətti"nə zəng edərək, Agentliyə məlumat verin. Kolbasa və ət məhsullarının qiymətindəki paradoks əhalini çox narahat edir. Əlbəttə, istehlakçıların ucuz və keyfiyyətli mal əldə etməsinin tərəfdarıyıq. Agentlik mütəmadi şəkildə monitorinqlər həyata keçirməlidir. İstehlakçıların da malın sertifikatını tələb etmək, saxlanma şəraiti ilə tanış olmaq kimi hüquqları var. 

Alıcılar diqqətli olmalı, yerli məhsullara üstülük verməlidir. Həmçinin xaricdən gələn ət məhsullarının kimyalaşdırıldığından xəbərdar olmalıdır".