İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. Bu barədə Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib. Qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar:
“Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, biri göbələkdən, beşi etil spirtindən, altısı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən biri anafilaksiya səbəbindən, yeddisi allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, birini isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, doqquzu uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən doqquzu (beşi kişi, dördü qadın) dünyasını dəyişib”.
Statistka ilə bağlı "Sherg.az"a açıqlamasında qida mütəxəssisi Ağa Salamov bildirib ki, zəhərlənmələrin başında kimyəvi dərmanlarla yetişdirilmiş meyvə, tərəvəz dayanır:
"Mövsümündən əvvəl satılan məhsulların tərkibində nitrat səviyyəsi çox olur. Bu da zəhərlənmə hallarına səbəb olur. Xiyar, pomidor, qarpız kimi tərəvəz və giləmeyvələrin vaxtından əvvəl yeyilməsi də ağır fəsadlara gətirib, çıxarır. Sirkədən zəhərlənmə turşular düzgün bağlanmadıqda, şorabaya qoyulan məhsulların sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda, yaxud içinə çiy su getdikdə baş verir. Bəzən çürük, bir tərəfi çartlaq tərəvəzləri turşuya qoyurlar. Saxlanma şəraitinə diqqət edilməli, otaq temperaturunda, gün şüalarından kənarda saxlanmalıdır. İndi turşudan istifadə etməyin vaxtı deyil. Hazırda tərəvəzlərin mövsümü olduğu üçün onu təbii yemək daha faydalıdır. Şorabaya süni, dərmanlarla yetişdirilən məhsullar zamanı ehtiyac yaranır. Yayın istisində turşu yeyən, əlbəttə, zəhərlənəcək".
Qida texnoloqu bunu da əlavə edib ki, göbələk saxlanma şəraitinə nəzarət olunmadıqda qalıb, şirə salır:
"Həmin göbələyi də toyuq, makaron məhsulu ilə bişirdikdə zəhərlənmə halları ilə nəticələnir. Çünki makaron da risklidir, yumurtalı undan hazırlanır. Şampinyon göbələyi mədəniləşdirilmiş formada yetişdirilir və satılır. Zəhərlənmə verə bilməz. Yay aylarını nəzərə alaraq, ehtiyatlı davranmalıyıq. Yumurta, mayonez, qaymaq, toyuq, dəniz məhsulları və onlardan hazırlanan salatlar, yeməklər təhlükəlidir. Riskli qidaların mənşəyi məlum olmalıdır".
A.Salamov insanları diqqətli olmağa çağırıb:
"Ət kəsiminə fikir vermək lazımdır. Saatlarla havadan asılmış əti almaq olmaz. Donu açılmış toyuq insan orqanizmində zərərlərə yol açır. Risk qrupuna daxil olan bu qidalar bəzən yüngün, bəzən də ağır formada nəticələnə bilər".