Ötən həftə Bakıda xəstəxanalardan birində pasiyent əməliyyat masasında dünyasını dəyişib. Əslən Biləsuvar rayonundan olub, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib. Mərhum Biləsuvar rayonunun Amankənd kəndində dəfn olunub. Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Son vaxtlar ölkədə burun əməliyyatı keçirənlərin sayı artıb. Bəzisi görünüşdən, müəyyən qisim lor problemlərdən, bəzi hallarda isə hər iki səbəbdən narazılıq edərək, cərrahlara üz tuturlar. Həkimlə yanaşı həmin vəfat edən xəstəni də 50 yaşında əməliyyata getdiyinə görə, tənqid hədəfinə çeviriblər. Lakin unutmayaq ki, hər şey hər zaman görünüş, estetika üçün deyil.
Tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, xəstənin əməliyyat masasında dünyasını dəyişməsi bir çox səbəblərdən ola bilər:
"Əməliyyat başlamazdan əvvəl ürək-damar sistemində hər hansı problemin mövcudluğu yoxlanılır. Ona görə bu da qeyri-mümkündür. Yaxud da pasiyentin başqa bir narahatlığı varsa, əməliyyata götürülməsinə göstəriş və ya əks-göstəriş olmalıdır. Anesteziologiyada müxtəlif dərmanlar işlənilir. Xəstə onlardan birinə reaksiya verib, anafilaktik şok da yaşamış ola bilər. Tibdə yaşın fərqi yoxdur. Həmin pasiyenti 50 yaşında əməliyyat masasına uzandığı üçün nahaq yerə qınayırlar. Hər hansı probleminin mövcudluğuna görə əməliyyat olunmağa məcbur qalıb, estetik deyil. Burun çəpərində əyrilik, nəfəs almada çətinlik və nəticədə beyinə oksigen getməməsi, təngənəfəsliyin maneəçilik törətməsi ehtimalı yüksəkdir".
Ş.Namazlı əlavə edib ki, bütün orqanlar, hüceyrələr qan, oksigen vasitəsilə təmin olunur:
"Onun da daşıyıcısı hemoqlabindir. Endogen, ekzogen, yaxud kənar səbəblərdən baş verə bilər. Patomorfoloqların rəyi öyrənilməmiş, xəstənin anamnezi ilə tanış olmamış qənaətə gəlmək çətindir. Bəzən ev şəraitində pasiyentə "prob" qoyulmadan, həssaslığı yoxlanılmadan antibiotik vurulur. Həmin vaxt xəstə reaksiya verərsə, dərhal anofilaktik şok keçirə və keçinə bilər. Ona görə də bütün bu versiyaların həm dərman təsirindən, həm də hər hansı daxili orqanların nasazlığı səbəbindən baş verməsi mümkündür".