İyulun 9-u Ağstafa rayonu Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini arı vurub. Kənd sakinləri onun arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması səbəbindən öldüyünü iddia ediblər. Həmin gün hadisə ilə bağlı saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, TTY briqadası 18:07 radələrində qeydedilən ünvanda olub. Vətəndaşın hadisə yerində öldüyü aşkarlanıb. Şəxsə həkimlər heç bir iynə vurmayıblar. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.
Daha sonra vətəndaşın nəşi aidiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Oradan meyit basdırılması üçün ailəsinə təslim edilib.
Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar. Orada da bioloji ölümü təsdiq olunub.
Həkim-nevroloq Qalib Əsədov "Sherg.az"a açıqlamasında bildirib ki, arı sancan oğlanın dirilməsi, sonra iynə vurularaq, yenidən ölməsi ilə bağlı cəfəng söhbətlər hamısı sarı mətbuatın yaratdığı hay-küydür:
"İnsanı arı vurub və o, anafilaktik şok keçirib. Bəzi adamlarda belə hallara rast gəlinir. Allergik reaksiya elə ildırım sürətilə baş verir ki, xəstə keçinir. 21-ci əsrdə ölümü təsdiq etmək elə də çətin deyil. Meyiti evə gətirdikdən sonra məlum olub ki, nəşin üzərinə qoyulan güzgü tərləyib. Güzgü tərləməsinin bir çox səbəbləri ola bilər. Soyuq havada, içəridə insanların çox toplaşması, rütubət və digər səbəblərdən mümkündür. Ona görə də anası deyib ki, övladı ölməyib. Yenidən xəstəxanaya gətiriblər. Valideyni də anlayıram, oğlunun ölümü ilə barışmaq istəməyib. Ağır dərddir. Üstəlik də 3 aydan sonra toyu olacaqdı. Ölümün konkret əlamətləri mövcuddur. Xəstəxanada meyitə qoxu yaymasın, şişkinlik yaratmasın deyə iynə vurulması sırf şayiədir. Bu, sadacə sensasiya yaratmaq, reytinq yığmaq xatirinə tirajlanan, heç bir tibbi, elmi əsası olmayan fikirlərdir. Təəssüf ki, bəzi mətbuat orqanlarımız mütəxəssislərin rəyinə əhəmiyyət vermədən, belə bir faciəvi hadisədən şou düzəldirlər".