Azərbaycanda hər il 4 adda yeni dərman preparatı istehsal olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Sənəddə qeyd olunub ki, hazırda ölkədə 33 adda dərman preparatı istehsal edilir.
Eyni zamanda ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması, müvafiq qeydiyyat sənədinin təqdim olunması üçün göstəriş verilib. Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digəri isə İqtisadiyyat Nazirliyidir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, Azərbayanda dərman preparatlarının istehsalının daxili bazar üçün təminatından danışmaq çox tezdir:
"Ölkəmizdə dərman preparatlarını Avropa standartları səviyyəsinə çatdırmaq üçün ən azı müştərək firmalar yaradılmalı, paralel iş aparılmalıdır.
Birgə firma məsələsi həll edildikdən sonra mütəxəssislər də hazırlanmalıdır. Yəni bu, yaxın dövrün mövzusu deyil. Ona görə də hələ ki idxala məcburuq.
Amma idxalatda da defisitlər baş verib. Rusiya-Ukrayna savaşı ilə bağlı yaranan həmin boşluğu qardaş Türkiyənin, Hindistanın, İranın hesabına doldurmaq mümkündür.
Çünki adıçəkilən ölkələrdə dərmanlar keyfiyyətlidir. Eyni zamanda qiymətləri Avropaya nisbətən xeyli ucuzdur".