Təmiz qidalar virusa qarşı mübarizədə şərtdir
"Təbii olan karbohidratlar, mövsümi meyvələr, tərəvəzlər, istehlak etmək məqsədə uyğundur və faydalıdır"
Dünya əhalisi yenidən COVİD-19 bəlası ilə üz-üzədir. Bütün ölkələr üzrə koronavirusa yoluxma sayı sürətlə artır. Azərbaycan da daxil bir sıra ölkələrdə ciddi artım hiss olunur. Mütəxəssislərin fikrincə, payız aylarında infeksiyanın sürətli yayılma ehtimalı və vəziyyətin qarşısıalınmaz hal alacağı da istisna deyil.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə hesab edir ki, bu yoluxmalar süni şəkildə süni qidalar kimi yayılıb, dünya əhalisini cənginə alır. Təbii ki, burada əsas məqsəd dünya dərman şirkətlərinin çirkin siyasəti və ÜST-ə qarşı əllərində qalan vaksinlərin satışına görə edilən basqıdır. Onun sözlərinə görə, payız aylarında hava-damcı yolu ilə yayılacaq koronavirus dalğası qış aylarında da davam edəcək. Biz isə hər ehtimala qarşı orqanizmin immun sisteminin bərpa olunması üçün, əlimizdən gələni etməliyik ki, yoluxmanı maksimum aşağı səviyyəyə sala bilək və ya əgər yoluxsaq belə virusla mübarizə aparmağa gücümüz çatsın. Bunun üçün düzgün və faydalı qidalanmaq, həmçinin fiziki olaraq idmanla da məşğul olmaq lazımdır: “Bir qayda olaraq immun sisteminin gücləndirilməsi üçün zərərli və heç bir faydası olmayan boş karbohidratlardan (rəngli qazlı içkilər, enerji içkiləri, fast food, dərin yağda bişmiş fri kartof, çipsilər, şəkər tozu, şirniyyatlar, xaricdən idxal olunan meyvə və tərəvəzlərdən, xaricdən idxal olunan ət və ət məhsullarından, emal olunmuş un məmulatlarından hazırlanan qida məhsullarından) uzaq durmaq lazımdır.
Əvəzində faydalı və təbii olan karbohidratlar, mövsümi meyvələr, tərəvəzlər, istehlak etmək məqsədə uyğundur və faydalıdır.
Emal olunmuş və hisə verilmiş ət və ət məhsullarından (kolbasa və sosiska məmulatları, hisə verilmiş balıq, toyuq və ya qırmızı ət məhsulları, konservalar, və s. ) uzaq durmalı və əvəzində sağlam mənşəyi məlum olan ət, balıq məhsulları istehlak etmək lazımdır. Qırmızı ət məhsullarında olan dəmir , B12 vitamini və sink kimi mikroelementlər olduğu kimi, balıq məhsullarında da Omega 3 əvəzolunmaz yağ turşusu həmçinin D vitamini, B qrupu vitaminləri, fosfor, kalium və natrium var.
Rafinə olunmuş trans yağlar əvəzinə, ət məhsullarını bişirərkən organik olan kərə yağı, quyruq yağı, nehrə yağı və ya məhsulun öz yağında bişirməklə istehlak etmək olar. Salatlarda zeytun yağı, kətan toxumu yağı, küncüt yağı və s. qatmaqla istehlak etmək daha faydalıdır. Boş karbohidrat və heç bir faydası olmayan rəngli qazlı içkilər və enerji içkiləri əvəzinə, faydalı olan içkilər istehlak edilməsi vacibdir. Bunun üçün isti içkilərdə, zəncəfilli çay, çobanyastığı çayı, kəklikotulu çayı, nanə limonlu çay, darçın çayı, kompotlarda, feyxoa kompotu, reyhan kompotu, alma-armud kompotu, təzəzə sıxılmış meyvə şirələri, nar şirəsi, kök şirəsi (içinə mütləq azca zeytun yağı əlavə etməklə), alma şirəsi, çuğundur şirəsi və s. istehlak etmək daha sağlam və faydalıdır”.