Orqan transplantasiyası gizli aparıla bilməz
"Hər bir götürülən orqan təsbit olunmalıdır ki, o, hansı vətəndaşdan götürülüb, onun razılığı alınıbmı və onun götürülməsi üçün göstəriş olub və ya olmayıb"
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni zamanda, qanuna əsasən, həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, qanunsuz orqan transplantasiyası və orqan alveri təkcə Azərbaycan üçün aktual deyil: “İnsan orqanlarının qanunsuz transplantasiyası məsələsi bütün dünya ölkələri üçün çox ciddi problemdir. Orqan transplantasiyası bağışlanma şəklində olan bir əməliyyatdır. Transplantasiya satış məqsədi ilə həyata keçirildiyi halda isə cinayət xarakteri daşıyır. Xüsusən də şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə halları. Azərbaycan da orqan alveri aidiyyəti qurumların ciddi nəzarətindədir. Cinayət növləri kimi, insan alverinə qarşı da dövlətin qətiyyətli mübarizə məxanizmi var. Son illərdə demək olar ki, bu mübarizə müxtəlif vasitələrlə daha da kəskin və təkmil formada aparılır.
Cinayət Məcəlləsinə edilən dəyişikliklər və cərimələrin artırılması da gələcək təhlükələrin qarşısının alınması baxımından zəruri haldır. Fikrimcə, insan alverinə qarşı səmərəli mübarizə aparmaq üçün cərimələrlə yanaşı dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar birgə işləməlidir”.
Professor Adil Qeybulla isə hesab edir ki, orqan nəqli qanunla tənzimlənən bir məsələ olduğu üçün qanunsuz olaraq heç kimdən orqan götürülə bilməz:
"Hər bir götürülən orqan təsbit olunmalıdır ki, o, hansı vətəndaşdan götürülüb, onun razılığı alınıbmı və onun götürülməsi üçün göstəriş olub və ya olmayıb. Əks halda, onun mənbəyi və mənşəyi bilinmirsə, bu, kriminal mahiyyət daşıyır. Ona görə də orqan transplantasiyası gizli olmamalıdır. Bu tam açıq və qanunauyğun həyata keçirilməlidir. Dünyanın bir çox ölkələrində yad adamlardan donor kimi istifadə cinayətə rəvac verməsin deyə leqal həll yolları tapılıb və donor bankları yaradılıb. Bizdə isə donor məsələsinin leqal yolla həlli üçün çox ciddi işlər aparılmalıdır. Bu sahədə boşluqlar çoxdur. Fikrimcə, orqan köçürülməsində donor mənbəyi kimi ancaq qohumlar iştirak edə bilər. Yad şəxslərdən donor kimi istifadə əksər hallarda kriminala yol açır, arxasında korporativ maraqlar dayanır.
Dünyada orqan qaçaqmalçılığı ilə məşğul olan çox sayda dəstələr var və bu cinayətkarlar öz qanunsuz əməllərini üçüncü ölkələr üzərindən aparır. Bu mənada orqan alveri ilə bağlı qanunun sərtləşdirilməsi və cərimələrin artırılması müsbət haldır. Amma tək bununla baş verəcək təhlükələrin qarşısını almaq mümkün deyil. Biz də dünya ölkələrinin təcrübəsindən faydalanıb donor bankının yaradılmasına nail olmalıyıq”.