Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bu aralar kəskin istilər müşahidə olunur. Yay aylarında kimisi dostlarına, yaxınlarına daha çox vaxt ayırır, kimisi məzuniyyət götürərək, istirahət edir, kimisi də vacib işinin dalınca gedir. Lakin insan bəzən çölə çıxanda havanın istiliyini nəzərə almırıq.
Çünki havada gəzməyincə yüksək temperaturun yarada biləcəyi problemlərin ciddiyətinə varmırıq. Nəticədə günvurma halları ilə rastlaşırıq. Bu səbəbdən günün hansı saatlarında havada olduğumuza diqqət etməliyik, sözügedən problemlə üzləşdikdə "hansı addımları atmalı?", "qarşısını necə almalı?" kimi suallarına cavab tapa bilmək üçün kifayət qədər məlumatlanmalı, qabaqlayıcı tədbirlər görməyi hər birimiz bacarmalıyıq.
Bu barədə "Sherg.az"a daha ətraflı danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, havanın temperaturunun qalxması bir çox xəstəliklərə, həmçinin xroniki problemi olan insanlara çox mənfi təsir göstərə bilir:
"Əsasən, 13:00-16:00 radələrində günəş altına çıxmaq tövsiyyə olunmur. Xüsusilə də, ürək-damar xəstəliyi, hipertonik krizi olanlar, diabetiklərə heç məsləhət görülmür. Çünki günvurmanın yüngül, orta, ağır dərəcələri mövcuddur. Yüngül formada sifət pörtür, qızarır, qismən hava çatışmazlığı kimi problemlər özünü büruzə verir. Lakin orta və ağır dərəcəyə gəldikcə artıq simptomlar qabarıq şəkildə görünür. Bu zaman mütləq həkim müdaxiləsinə ehtiyac yaranır. Günvurma zamanı ürək bulanma, baş gicəllənməsi, üz dərisinin qızarması, pörtməsi, halsızlıq, hətta ağırlaşdıqca huşsuzluq kimi əlamətlər meydana çıxır. Ətrafımızda adıçəkilən halları müşahidə etdiyimiz insanı kölgəyə çəkib, su içirtmək, alına, ayaqlara bədənin digər açıq nahiyələrinə mütləq soyuq su vurmaq lazımdır. Ürək xəstələrində ürək döyüntülərinin sayı artır. Tənzimləyə biləcək dərmanlardan istifadə etmək gərəkdir".
Həkim həmçinin qeyd edib ki, günvurma probleminin yaşanması hava temperaturunun dəyişməsi ilə bağlıdır:
"Hazırda əksəriyyət evdə, işdə kondisionerin işlədiyi otaqlarda oturur. Daha sonra insan soyuq hava temperaturlu otaqdan çıxıb, birdən-birə 40 dərəcə istliklə qarşılaşdıqda onda narahatlıq baş verir. Orqanizm öz istilik tənzimetmə funksiyasını tam olaraq, qısa müddətdə yerinə yetirə bilmir. Nəticədə yuxarı tənəffüs yollarının iltihabını yaradır.
Burun axması ilə müşayiət edilir. Xüsusilə, bronxial astma xəstəlikləri və allergik problemli şəxslər qeyd edilən simptomlara düçar olurlar. Bu, özünü çox kəskin, hətta pnevmoniyaya bənzər simptomlarla aşkara çıxarır.
Beləliklə, çox isti havalarda çölə çıxmamaq, yaxud da mütləq özləri ilə soyuq su götürmək tövsiyə olunur. Müəyyən məsafədən bir kölgəlikdə dincəlib, yola davam etmək xoşagəlməz durumları əngəlləyir".