Adil Qeybulla: "Ciddi qapanmalara, sərt karantinə getməyə ehtiyac görmürəm"
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda Azərbaycanda epidemioloji vəziyyətin qənaətbəxş və nəzarət altında olduğunu deyib. Qonşu ölkələrin statistik məlumatlarına diqqət çəkən infeksionist deyib ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb: “Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır. Bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik".
Qeyd edək ki, koronavirus xəstəliyinin yayılmasından bəri dünyada virusun mənbəyi ilə bağlı bir sıra konspiroloji nəzəriyyələr irəli sürülüb. Bəzən bu nəzəriyyələr rəsmi şəxslər səviyyəsində səsləndirilib. Lakin bununla bağlı heç bir sübut ortaya çıxarılmayıb.
Bu dəfə də Rusiya Müdafiə Nazirliyi ABŞ-ın COVID-19-un yaranmasında əli olduğundan şübhələnir.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, 2019-cu ildə - COVID-19-un ilk halları ortaya çıxmazdan əvvəl – “Event-2019” təlimləri ABŞ-ın Hopkins İnstitutunda keçirilib. Təlimlərdə daha əvvəl məlum olmayan koronavirus epidemiyasına qarşı fəaliyyət məşq edilirdi. Təlimlərin əfsanəsinə görə, həmin koronavirus insanlara donuzlar üzərindən yarasalardan keçib. O əlavə edib ki, xəstəliyin qeyri-bərabər yayılması COVID-19-un süni şəkildə yaranmasından xəbər verir.
Professor Adil Qeybullanın “Şərq”ə açıqlamasına görə, yoluxma sayının artması infeksiyanın yavaş-yavaş sona çatmasının göstəricisidir. Həkimin fikrincə, virus mutasiya etdikcə, onun uyğunlaşma xüsusiyyətlərindən biri yaşaması üçün yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır: “Lakin yoluxma ilə yanaşı, virusun öldürücülük qabiliyyəti də xeyli aşağı düşüb. Belə olan halda virus yavaş-yavaş ya yoxa çıxır, ya da bizim gündəlik həyatımızda qalır. Hər halda onun orqanizmdə lövbər salıb qalması ehtimalı aşağıdır və bir gün ümumiyyətlə yoxa çıxacaq. Ona qədər isə yoluxma sayında artıb-azalmalar davam edəcək, sadəcə, virus bu dəfə əvvəlki kimi təhlükəli olmayacaq”.
Professorun sözlərinə görə, hər ehtimala qarşı yoluxma zəncirinin qırılması üçün karantin tədbirlərinə əməl etmək zərurəti yarana bilər və bura maska taxmaq da daxildir: “Ola bilər ki, kütləvi tədbirlərin azaldılmasına, müəyyən qədər təmasların məhdudlaşdırılmasına ehtiyac yaransın, amma ciddi qapanmalara, sərt karantinə getməyə ehtiyac görmürəm”.