Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə havalarda insanlar istinin təsirindən bir çox problemlərlə qarşılaşırlar. Çünki isti hava şəraiti insan bədənində maye və duzun azalması faktorunu meydana çıxarır. Bəzən çölə çıxarkən düzgün saat seçilmir. Nəticədə yüksək temperatur insanların səhhətində narahatlığa səbəb olur. Xüsusilə də, istinin vuracağı fəsatlar hər hansı xəstəliyi olan və meteohəssas şəxslərdən daha çox diqqət tələb edir. Həkimlər də əhalini kəskin isti havalarda ehtiyatlı olmağa çağırır.
Həkim-terapevt Aygün Sayılova istidən qorunmaq üçün bir sıra tövsiyələrini "Sherg.az"a bölüşüb. Onun sözlərinə görə, insanlar işlərini günün isti saatlarına saxlamalı deyillər:
"Günəş altında mütləq baş örtükləri taxmaq lazımdır. Açıq, günəşi qaytaran rəng geyimlərdən istifadə etsinlər. Təbii parçalı, kətan materiallı, rahat paltarlar geyinsinlər. Mümkün qədər çox maye tükətməyə çalışsınlar. Yağlı qidalardan uzaq olmaq gərəkdir.
Yüngül, sürətli həzm edilən yeməklərlə qidalasınlar. 12:00-17:00 arası günün ən pis, təhlükəli saatıdır. Ətrafımızda istinin təsirindən halı pisləşən insan gördükdə onu kölgəyə, hava çəkən yerə aparmalıyıq.
Sərin maye qəbul etmək, başına, qoltuqaltına soyuq su vurmaq lazımdır. Həmçinin məsələn, köynəyinin düyməsini açmaq kimi geyimlərini rahatlada bilərik ki, adama hava vursun.
Təzyiq düşərsə, sərin və duzlu ayran vermək mümkündür. Xroniki xəstəlikləri olan insanlara isə həmin gün evdə qalmaq məsləhət görülür".