SOS! - “Havadakı tozlu duman ağciyər xəstəlikləri yaradır” - Nə etməli?

“Tozlu havada küçəyə çıxmaq məsləhət deyil. Əks halda maskalardan istifadə edilməlidir”

“Tozun zərərləri saymaqla bitməz. İlk növbədə, insanın tənəffüs sisteminə mənfi təsirini göstərir”

Son günlər havada tozlu duman müşahidə edilir. Doğrudur, bəzən qızmar günəş şüalarının ətrafa saçdığı istilik insanları yay mövsümündən usandırır. Havanın azca soyuması, mehin əsməsi isti sevməyən adamlara xoşbəxtlik bəxş edir. Lakin küləyin bir o qədər də özü ilə gətirdiyi toz axını diskomfort yaradır. İnsan orqanizminə öz mənfi təsirini göstərir. Xüsusilə də toza qarşı həssas olan allergik, bronxit xəstələr sözün əsl mənasında havanın fəsadları ilə mübazirə aparırlar. Əziyyət çəkməmək, zərərlərindən yan keçmək üçün yollar axtarırlar. Bəs, küləyin müşayiəti ilə havada tüğyan edən tozların zərərindən necə qorunaq? Hansı tövsiyələrə əməl edək?

Suallarımızı cavablandıran ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, toz bəzən yaxın şərqdən, Böyük Səhradan və ya Türkmənistan istiqamətindən Azərbaycanın hava məkanına daxil olur:

"Xatırlayırsınızsa, ötən illərdə hətta havada günəşin belə tutqunluğu hiss olunurdu. Analoji hallarda təbii ki, insanlar qorunmalı, diqqətli olmalıdır. Tozlu havada küçəyə çıxmaq məsləhət deyil. Əks halda maskalardan istifadə edilməlidir. Tozun zərərləri saymaqla bitməz. İlk növbədə, insanın tənəffüs sisteminə mənfi təsirini göstərir. Nəticədə ağciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Ən pisi isə xüsusən, paytaxtda müşahidə edilən tozlu havadır. Bakı küləkli şəhərdir. Tozun miqdarının çox olması onun coğrafi mövqeyindən asılıdır. Qumsal sahədə yerləşir. Lökbatan, Badamdar və digər qəsəbələrdə karxana, daş mədənləri açılıb. Külək oradan gələn tozu şəhər əhalisinin üzərinə sovurur. Bir zamanlar insanlarımız təbiətin qoynunda yerləşən bölgələrimizdən məcburi və ya qeyri-məcburi şəkildə Bakıya köç edib. Onlar Abşeron yarımadasına daşınanda bu problemləri bilmirdilər. Özəlliklə də uşaqları belə tozlu havalardan qorumalıyıq".  

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da qeyd edib ki, külək cənubdan, cənub-şərqdən əsir:

"Hazırda dünyanın bütün yerlərində səhralaşma gedir. Stalinin əmri ilə 1945-ci illərdən 1952-yə qədər hər yerdə 5700 min kilometr uzunluğunda yaşıl zolaq yaradıldı. İqlimə qarşı mübarizə aparılırdı. Həmçinin əkin sahələrini qorunurdu. Mənə son günlər yanan meşələrlə bağlı suallar ünvanlanır. Meşədəki ağacı qırır, satır, pul qazanırlar. Ört-basdır etmək üçün isə yandırırlar".