Pandemiyanın sonuna doğru yaxınlaşırıq



Azərbaycan və Türkiyə səhiyyə nazirləri ortaq əlaqələri dəyərləndirdilər

  Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.
  Türkiyə səhiyyə nazirinin səfəri çərçivəsində “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə iştirak, Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.

  Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimində çıxış  edən Fahrettin Koca bildirib ki, Türkiyə və Azərbaycan bölgədə getdikcə nüfuzunu artıran iki vacib güc mərkəzidir: 

“Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu əməkdaşlığımızı genişləndirəcək. Türkiyə həm COVID-19 pandemiyası, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanla çox sıx münasibətdə olub: “Bu forumun mövcud əməkdaşlığımızı genişləndirməsinə və yeni planların yaradılmasına zəmin yaradacağına ümid edirəm. Türk şirkətlərinin Azərbaycandakı yatırımı 12 milyard dolları keçib. Türkiyədəki Azərbaycan şirkətlərinin yatırımı isə 20 milyard dolların üzərindədir. İkili ticarət həcmi, təxminən, 5 milyard dollar civarındadır.

Bu rəqəmin 15 milyard dollara çatmasında qatqılarımızın olacağına inanırıq. Türkiyə və Azərbaycan dərman, tibbi avadanlıq, kosmetika, xəstə müalicəsi və səhiyyə sahəsindəki yatırımlar istiqamətində qarşılıqlı ticari tərəfdaşdırlar. İldə, təxminən, 500 minə yaxın Azərbaycan vətəndaşı Türkiyəyə turist kimi səfər edir”.
  Türkiyə nazir həmçinin deyib ki, Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal istifadəyə verilib.  “Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər". 

  Azərbaycanın Səhiyyə naziri Teymur Musayev  isə  sözügedən mərasimdə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edib: "Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonunun yaxınlaşması ilə bağlı ümid olduğunu bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm". Nazir eyni zamanda qeyd edib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var: "Bu günə qədər peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram". 

  Nazir həmçinin deyib ki, Azərbaycanda "Turkovac" vaksinin 3-cü faza klinik sınaqları uğurla davam edir. Artıq ilkin məlumatlar toplanılıb Türkiyə tərəfinə daha dəqiq və dərin təhlil üçün təhvil verilib: "İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar "Turkovac"dan sonra silsilə gələn vaksinlər üçün öz töhfəsini verəcək". 

  T.Musayevin sözlərinə görə, xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir. 

  17 may 2022-ci il tarixdə Ankara şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq üzrə Yol Xəritəsində biznes forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur. Nazir qeyd edib ki, hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir: “Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Bu gün burada auditoriyada hər iki tərəfdən əczaçılıq sektorunun nümayəndələri, tibbi avadanlıq istehsalçıları, tibbi turizm nümayəndələri iştirak edirlər. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və Forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyətlər vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”.

  “İlk dəfə təşkil edilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi hər iki dövlətin əməkdaşlığa ən yüksək səviyyədə verdiyi dəstəyin növbəti təzahürüdür” – deyə Teymur Musayev  əlavə edib. Nazir qeyd edib ki, “YAŞAT” fondu vasitəsilə 200 nəfərə yaxın həmvətənimiz Türkiyəyə müalicəyə göndərilib.

  “Hazırda 700-dən çox türk tələbə Azərbaycan Tibb Universitetində təhsil alır. Türkiyəli həmkarlarımızla əməkdaşlıq COVID-19 pandemiyası dövründə daha intensiv hal aldı. Bununla yanaşı TURKOVAC vaksininin 3-cü faza sınaqları Azərbaycanda keçirilir. Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır. Türkiyə ilə əməkdaşlıq yalnız ikili formatda deyil, beynəlxalq müstəvidə də davam edir”. 

  Nazirin sözlərinə görə, Qarabağ savaşı bitəndən indiyədək Türkiyəyə müalicəyə 200-ə yaxın Qarabağ müharibəsi  iştirakçısı  göndərilib. 

  O həmçinin bildirib ki, Azərbaycanda bu günə kimi  Türkiyə istehsalı olan 1000-dən çox dərman vasitəsi qeydiyyatdan keçib: "TURKOVAC" vaksininin ölkə xaricində həyata keçirilən ilk klinik sınağı da Azərbaycanda aparıldı. Ümid edirəm ki, əczaçılıq sahəsində və yeni dərmanların sınağında ölkələr arasındakı əməkdaşlıq öz bəhrəsini verəcək".