Allergiya qədər həkimləri peşman edən ikinci xəstəlik yoxdur
"Uşaq doğulandan kimyəvi qidalarla böyüyür, bir yandan havamız çirkli və tozludur. Əlbəttə ki, allergik uşaqların sayı artacaq. Havada tozun miqdarı normadan çoxdur, insanlarımız ehtiyatlı olsun deməklə iş bitmir"
4-cü sinif şagirdi Bakıdakı klinikalardan birində ölüb.
Talassemiya xəstəsi olan Yevlax rayon Hacıselli kənd sakini Paşayeva Dərya Emin qızı müalicə aldığı klinikada dünyasını dəyişib. Əldə olunan ilkin nəlumata görə, müalicəsi normal keçən və hər hansı ölüm təhlükəsi olmayan azyaşlıya nümunə üçün antibiotik vurulub. Bu zaman azyaşlının halı kəskin pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, dünyada bir çox insanlar antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanır. Halbuki, mütəxəssislər daim xəbərdarlıq edir ki, antibiotiklər mikrobları və bakteriyaları öldürə bilər, lakin onlar viruslara təsir göstərmir. Eyni zamanda antibiotiklərin uzun müddət qeyri-düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s. səbəb olur. Bu baxımdan antibiotikləri yalnız həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.
Qeyd edək ki, Avropada antibiotik qəbuluna nəzarət edən xüsusi komissiyalar var. Həmin komissiyanın qərarı olmadan tibb işçisinin antibiotik təyin etmək hüququ yoxdur. Türkiyədə də artıq apteklərdə antibiotiklərin reseptsiz satılmasının qadağan olunması ilə bağlı qərar qəbul edilib.
Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında uşağın ölüm səbəbinin detallarına bələd olmadığı üçün konkret fikir bildirməyin subyektiv rəy olacağını deyib:
“Uşağın talassemiya daşıyıcısı, yoxsa xəstə olduğunu, xəstəlik tarixini, hansı səbəbdən ona antibiotik vurulduğunu bilmirəm. Bu uşaq körpə deyil, hər halda indiyə kimi allergik olub-olmadığını valideynləri və ya həkimləri bilməli idi. Ümumi yanaşanda talassemiyalı uşağa antibiotiki nahaq vurublar deyə bilərəm. Amma bəlkə də həqiqətən də o iynəyə ciddi ehtiyac varmış?! Məhz tibbi personalı qınamaq da doğru deyil. Antibiotik xəstəxanada vurulanda uşaqda əks reaksiya getmir, öldürmür deyə bir qayda da yoxdur. Belə hadisələr hər yerdə olur.
Bəli, antibiotiklərin ev şəraitində, həkim nəzarəti olmadan vurulması çox təhlükəli bir haldır. Belə hallarda ölüm riski çox olur. Amma etiraf edək ki, bəzən həkim nəzarətində, tibb bacısının vurduğu iynə də uşaqda şok effekt yarada bilir. Sadəcə, bu zaman müdaxilə etmək olur və əksər hallarda uşağın həyatını xilas etmək mümkün olur. Ev şəraitində isə xəstədə şok baş veribsə və yanında həkim yoxdursa, onun həyatını xilas etmək mümkünsüzdür. Xəstədə güclü şok baş verəndə, ona kömək edən yalnız həkim ola bilər. Başqa heç kim kömək edə bilməz. Şok əleyhinə xüsusi dərmanları da həkim tətbiq edə bilər”.
Konkret hadisəyə gəldikdə isə pediatr deyib ki, uşağın talassemiya xəstəsi olduğunu bilən həkim və ya tibb bacısı çox ehtiyatlı davranmalı, iynə vurmazdan əvvəl mütləq anası ilə söhbət aparıb uşağın xəstəlikləri haqqında lazımi informasiyanı toplamalı idi: “Allergiya elə bir şeydir ki, istənilən dərmana qarşı bədən əks reaksiya verə bilir. Adi novakainə qarşı allergiyası olan insanlar var. Amma allergik insanlar üçün ən təhlükəli dərman preparatı antibiotiklərdir.
Son illərə qədər bütün protokollarda altından qırmızı xətt çəkərək qeyd edilirdi ki, “prob”suz antibiotik vurmaq olmaz. “Prob” isə mütləq dəri içi qoyulmalıdır. Əgər müəyyən müddət ərzində dəridə səpki olsa, bu antibiotik həmin şəxsə yararsız və təhlükəli hesab olunurdu. Ancaq bu sınağı dərialtı etmək olmaz, qızara, şişkinlik yarada bilər. Amma hər tibb bacısı, həkim bu tələbə əməl etmir. Eləsi var sınaq iynəsini birbaşa dərialtına vurur. Antibiotikin kristalları isə iri olduğu üçün bədəndə həll olmur və dəridə qabarmalar yaradır.
Onu da deyim ki, indi bir çox həkimlər sınaq üçün vurulan iynələrin də yetərincə informativ olmadığını düşünür. Halbuki, orqanizm allergikdirsə, o sınaq mütləq müsbət nəticə verəcək, bəzən isə verməyə də bilər. Yəni hansısa uşaqda dəri qızarmırsa, bu, onun antibiotikə qarşı reaksiyası yoxdur anlamına gəlmir. Yəni tibdə bu cür yanılmalar olur və bu da təbiidir. Sınaq xəstəxana şəraitində peşəkar həkim tərəfindən qoyulmalıdır. Nəticəyə də yalnız həkim qərar verə bilər. Adətən həkimlər sınaq üçün dərmanın çox az bir qismini əzələ daxilinə yeridirlər, 20-25 dəqiqə gözləyirlər ki, allergiya verəcək, ya yox. Şəxsin allergiyası barədə məlumatları da məhz həkim toplayır. Buna tibdə allergiya anamnezi deyilir. Ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrin həkim-mütəxəssis tərəfindən dəqiq və ətraflı anamnezin toplanması, müasir diaqnostik və müalicə üsullarından istifadə, kəskin respirator infeksiyalarının profilaktikasının aparılması bu xəstələrin sağlam həyat sürməsinin bünövrəsini təşkil edir”.
Mütəxəssis onu da deyib ki, bəzi valideynlər allergiya deyəndə ancaq bədəndəki səpmələri nəzərdə tutur. Amma bir az söhbət edəndə görürsən ki, uşaqda allergik rinit, bronxial astma və yaxud da hansısa dərmana qarşı allergiya var: “Sadəcə, valideyn bunun fərqində deyil. Bəzən də ola bilər ki, yumurtaya qarşı allergiyası olan uşağın antibiotikə qarşı allergiyası olmasın. Valideyn gərək uşağı o qədər müşahidə etsin ki, nəyə allergiyası olub, nəyə olmadığını bilsin. Bəzən deyirlər ki, “həkim, uşağa antibiotik sirobu yazma, allergiyası var”. Soruşursan, ay qızım, necə reaksiya verir? Deyir: “antibiotik içən kimi qaytarır”. Dərmanı qaytarmaq allergik reaksiya deyil axı!?
Yeri gəlmişkən, dərman allergiyalarının müxtəlif forması var. Antibiotikdən yaranan şoka anafilaktik şok deyirlər, dərman anafilaktik şoku.
Buna ildırımvari şok da deyirlər. Bir neçə dəqiqə ərzində xəstənin qan təzyiqi kəskin düşür və dünyasını dəyişir. Hətta xəstə klinikada, həkim, tibb bacısı nəzarətində belə olsa onun həyatını xilas etmək mümkün olmur. Bu hadisələr olur və tək bizdə deyil. Bütün dünya təcrübəsində bu cür ölüm hadisələrinə rast gəlmək mümkündür.
Elə insanlar da var ki, dərmanı görəndə bədəni səpir. Hətta tibdə "iynədən şok” ifadəsi var. Xəstənin hansısa dərmana allergiyası varsa, həkim o dərmanı şprisə yığanda artıq xəstə şoka düşür. Əgər həmin dəqiqə yanında həkim varsa, onun əlinin altında şok əleyhinə preparatlar varsa, o zaman xəstə bəlkə şokdan çıxa bilər. Əks halda, şokdan çıxmayacaq. Bu baxımdan hər yerdə tələb var ki, antibiotiklərin inyeksion forması professional şəkildə, həkim nəzarəti altında vurulmalıdır. Amma indi sirop şəklində antibiotiklər də var”.
Pediatrın sözlərinə görə, allergiya günümüzün ən böyük bəlalarından biridir. Növləri belə çoxalıb. Ekologiya, qida təhlükəsizliyi, geyindiyimiz geyimlər belə allergiyaların artması üçün zəmin yaradır: “Pamperslərin əksəriyyəti allergikdir. Uşaqların dərisi qızarır, səpir. Yəni deməyim odur ki, səhiyyə ilə bağlı yaşanan hər bədbəxt hadisənin günahkarı həkimlər, təbabət deyil. Qadınlarımızın istifadə etdiyi kosmetik vasitələrin 90 faizi allergikdir. Di gəl ki, bir problem olanda həkimləri borclu çıxarırıq ki, heç nə bilmirlər. Bir allergiyanı da müalicə edə bilmədilər! Allergiya qədər həkimləri peşman edən ikinci xəstəlik yoxdur. Bu xəstəlik sağalmır deyəndə də insanlarımızın xoşuna gəlmir. İzah edə bilmirik ki, bu xəstəlikdən qorunmaq üçün immun sistemi möhkəm olmalı və mütləq şəkildə nəzarətdir.
Uşaq doğulandan kimyəvi qidalarla böyüyür, bir yandan havamız çirkli və tozludur. Əlbəttə ki, allergik uşaqların sayı artacaq. Havada tozun miqdarı normadan çoxdur, insanlarımız ehtiyatlı olsun deməklə iş bitmir. Hər yerdə tikinti var. Şadlıq saraylarının tüstü bacalarından çıxan tüstü birbaşa tənəffüs sisteminin düşmənidir. Ehtiyatlı olub nə edək!? Hamımız skafandrda gəzək!? Aidiyyəti qurumlar vaxtında ekoloji problemləri həll etməli idi. Problem qapının ağzına dayanandan sonra insanlar nə etsin!? Bakı qədər çirkli şəhər yoxdur. Onsuz da dənizkənarı şəhərlərdə rütubət çox olur deyə allergik şəhərlər sayılır. Bu tək Bakıya aid deyil. Xəzərin sahilindəki bütün şəhərlərdə allergiya və revmatizm xəstələri çox olur”.