"Yüksək şəkər gözlərimin fəaliyyətinin zəifləməsinə də səbəb olub"
"Ayağımdakı qızartılar və şiş çəkilib. Artıq damarların açılması proseduruna başlayacaqlar"
Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhətində ciddi problem yaranıb. Bu barədə “Şərq”ə danışan həmkarımız bir neçə gündür xəstəxanada olduğunu və intensiv müalicə aldığını deyib. Qeyd edək ki, S.Məmmədlinin səhhətində yaranan problemlərdən xəbərsiz idik. Bu barədə təsadüfən, həmkarımızın özünün yazdığı post sayəsində xəbərdar olduq.
Qeyd edək ki, o, sosial hesabında Mətbuat Şurasının 8-ci qurultayında sədr seçilən həmkarı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi təbrik edib. Yazıda diqqətçəkən məqam isə S.Məmmədlinin qurultay nümayəndəsi olmasına rəğmən səsvermədə iştirak etməməsidir. Təbrik mesajında həm də buna aydınlıq gətirən jurnalist həmin gün canı ilə əlləşdiyini deyib:
“Elə indi də xəstəxanadayam. İntensiv müalicə alıram”.
Həmkarımızın səhhəti ilə bağlı məlumat almaq və hal-əhvalını öyrənmək üçün özü ilə əlaqə saxladıq: “Yüksək şəkərim var. Həmçinin illərdir hipertoniya və ürək çatışmazlığından əziyyət çəkirəm.
Yəqin ki, xatırlayırsınız, bir neçə il əvvəl ürəyimə stend də qoyulub. Ayağımla bağlı da çox ciddi problemlərim var. Zəngilanın Ağalı kəndindəki “İlk zəng”lə bağlı reportaj hazırlayan zaman ayağım daşa dəydi və yaralandı. Adi üsulla müalicə etdim, amma yaralanan yer qızarıb şişməyə başladı. Xroniki xəstəliklərim, xüsusən də şəkərim olduğu üçün bu yaralanma orqanizmimə çox pis təsir etdi. Səhhətim qəfildən pisləşdi və xəstəxanaya müraciət etməli oldum.
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alıram. Həkimlərin peşəkarlığı və səyi nəticəsində artıq ayağımdakı qızartılar və şiş çəkilib. Və artıq damarların açılması proseduruna başlayacaqlar. Hələ ki, müalicəm davam edir. İnşallah, yaxın günlərdə tam sağalıb, işimin başına qayıdacam.
Müalicə və müayinəmin yüksək səviyyədə, tam ödənişsiz təşkilinə görə, TƏBİB əməkdaşlarına xüsusi təşəkkür edirəm. Hər şey yaxşıdır və heç nəyə ehtiyacım yoxdur.
Xəstəxananın direktoru, baş həkim Rauf Ağayevə və xəstəxananın personal kollektivinə təşəkkür edirəm. Hər biri ayrı-ayrılıqda yüksək xidmət və qulluq göstərir. Bir jurnalist olaraq bütün həmkarlarıma, oxucularıma və bütünlükdə Azərbaycan vətəndaşlarına tövsiyə edirəm ki, müalicə üçün İrana, Turana getməyə ehtiyac yoxdur. Azərbaycanda kifayət qədər savadlı və işinin peşəkarı həkimlər var. Xəstəxanalarımız yüksək və müasir standartlara uyğun tibbi ləvazimatlarla təmin olunub”.
Söhbət əsnasında məlum oldu ki, S.Məmmədlinin görməsində də ciddi problemləri var. Yüksək şəkər digər orqanları kimi gözlərinin də fəaliyyətinin zəifləməsinə səbəb olub.
P.S. “Şərq” qəzetinin kollektivi olaraq Səbuhi Məmmədliyə Allahdan şəfa diləyirik!