"Allah rəhmət eləsin" deyib keçmək olmaz
"Şahbaz bəy ictimai fiqur olduğu üçün onun başına gələn hadisə ictimailəşdi. Halbuki, eyni problemləri yaşayan yüzlərlə insan var"
“Bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər”.
Bu sözləri rəhmətə gedən bacısının yerləşdirildiyi Respublika Klinik Xəstəxanasında üzləşdiyi xoşagəlməz mənzərələrə və ümumilikdə səhiyyə sisteminin fəaliyyətinə etiraz edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, indiki şəraitdə xəstə yaxınlarının müalicə və müayinə üçün kifayət qədər xərci çıxsa da, səhiyyə sisteminin düzgün idarə edilməməsi xəstələrin sağalmasına və düzgün diaqnoz qoyulmasına əngəllər törədir.
Dünyasını dəyişən bacısının vəziyyəti ağırlaşan zaman Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini və xəstəxanaya onu ziyarətə getdiyini qeyd edən Ş.Xuduoğlu deyib ki, xəstəxanaya yox, elə bil tövləyə gedib: “Bacım reanimasiyada olduğu üçün onu görə bilmədim. Bir müddət xəstəxananın dəhlizində gözlədim, yanımdaca iki nəfərin cansız bədənini apardılar. Qohumların hönkürtüsü adamın ürəyini parça-parça edirdi. Elə o axşam bacımı təcili yardım Mərkəzi Klinikaya götürdüm. Kamran doktorun köməyini unuda bilmərəm.
Orda xidmət yüksək səviyyədədir. Otaqlar təmiz, personal peşəkar. Toplaşdıq, yır-yığış etdik, hərə öz imkanı ilə kiçik bir büdcə yaratdıq.
Analizlər, diaqnozlar, dərmanlar, həkimlər: pul sel kimi gedir. Büdcəmiz tez bitdi. Bacımı ordan çıxarmaq məcburiyyətində qaldıq. İndi kirayə evdə gündəlik heç də az xərci olmayan həkim nəzarətindədir. Həm də məlum oldu ki, xəstəxanalarda bacımın xəstəliyinin nədən ibarət olduğu dəqiq müəyyənləşməyibmiş. Orda bir müalicə, burda tamam başqa müalicə…
Milyonlar ayrılsa da, təhsili kimi səhiyyəmiz də mənzillərə köçüb…
Xəstəxanalar isə sadəcə pul silmək üçündür”.
Azərbaycan səhiyyəsinin səhlənkarlığı və qeyri-peşəkarlığı səbəbindən bacısını itirən naşir vətəndaşlara tövsiyə edir ki, imkanınız varsa bizim səhiyyədən uzaq olun: “O bataqlığa girməyin. Belə səhiyyəsi olan vətən düşməndir.
İran, Türkiyə, Gürcüstana, Pakistana gedin, amma bu düşmənə özünüzü təslim etməyin".
Professor Adil Qeybulla isə “Şərq”ə açıqlamasında Şahbaz Xuduoğlunun başına gələn hadisə barədə məlumatlı olduğunu deyib: “Şahbaz bəyin yazdıqlarını mən də oxudum və çox böyük təəssüf hissi keçirdim. Hesab edirəm ki, baş verənlərə "Allah rəhmət eləsin" deyib keçmək doğru deyil. Məsələ mütləq şəkildə mediada ictimailəşməli və irəli sürülən ittihamlar fonunda aidiyyəti qurumlar tərəfindən ciddi araşdırma aparılmalıdır. Əgər xəstə hər hansı bir şikayətlə bağlı xəstəxanaya müraciət edirsə, mütləq şəkildə ağrının səbəbi araşdırılmalıdır. Əvvəla onu deyim ki, bir çox hallarda problem təkcə həkimlərdən qaynaqlanmır. Vətəndaşlarımızın özündə də səhlənkarlıq var. Bəzən pasiyentlər xəstəliyi ağırlaşdıqdan sonra həkimə müraciət edir və onun həyatını xilas etmək mümkün olmur. Sözsüz ki, xəstəxanalardakı səhlənkarlıq və qeyri-peşəkarlıq səbəbindən də həyatını itirən insanlar olur.
Şahbaz bəy ictimai fiqur olduğu üçün onun başına gələn hadisə ictimailəşdi. Halbuki, eyni problemləri yaşayan yüzlərlə insan var. Əksəriyyətinin isə mətbuata çıxışı olmadığı üçün kimə və yaxud da hara şikayət edəcəklərini belə bilmirlər. Problemin birdəfəlik həlli üçün xəstəxanalar və həkimlərlə bağlı narazılıq yaradan bütün hadisələr araşdırılmalı və yekun bir nəticəyə gəlinməlidir. Xüsusən də İcbari Tibbi Sığortaya cəlb olunan xəstəxanaların iş prinsipi araşdırılmalı, vaxtaşırı monitorinqlər keçirilməli, onlara ayrılan vəsaitlərin və tibbi avadanlıqların şəffaflığı təmin edilməlidir. Bunun üçün də obyektiv nəzarət mexanizmi tətbiq edilməlidir. Sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın şikayəti əsasında xüsusi araşdırma aparıb ciddi ölçü götürülməlidir. Müvafiq qurumlar bu hadisədən nəticə çıxarmalıdır”.