"Bəzən etiketlərə reklam xarakterli sözlər yazılır ki, bu da rəqabət prinsiplərinə ziddir"
1 yanvar 2023-cü ildən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəflar yeni qanunda yer alıb.
Yeni qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılmasına, dolayısı ilə onların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu da son nəticədə insan sağlamlığı və həyatı üçün müəyyən problemlər yarada bilər.
Eyni zamanda qanunun qəbulu ilə qida məhsullarına “müalicəvi” kimi adların verilməsi ləğv ediləcək. Belə ki, hər hansı bir qida məhsulunun, o cümlədən mineral suyun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da piştaxtalardakı məhsulların etiketlərində yazılanlarla onların tərkibi arasında fərqlər müşahidə edildiyini təsdiq edib.
Onun sözlərinə görə, bəzən etiketlərə reklam xarakterli sözlər yazılır ki, bu da rəqabət prinsiplərinə ziddir: “Nə üçün marketlərdə satılan məhsullardan birinin üstündə cəlbedici, çağırış mahiyyəti daşıyan sözlər yazılmalıdır? Belə sözlər bir sıra hallarda müştəriləri digər məhsulları almaqdan yayındırır.
Bəzi istehsalçılar məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır, eyni zamanda, konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Nəticədə isə tərkibində çiyələk olmayan "çiyələkli yoqurt” və ya mal əti olmayan "mal əti sosis”ləri almış oluruq.
Qida etiketi qida məhsulunun "şəxsiyyət vəsiqəsi” kimidir.
Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər mövcuddur”.