“İndi isə xüsusilə, rayonlarda hamilə qadınlar həkimə zamanında getmir, məsuliyyətsiz yanaşırlar”
“Əsas səbəb isə analizlər verməyə imkanlarının çatmamasıdır”
"Sovet dönəmində doğuş zamanı ölümlə bağlı statistika barədə hər kəs məlumat almırdı. Hazırda statistikalar aparılır, ictimailəşdirilir.
XXI əsrdə ana ölümü tibb sahəsi üçün yaxşı hadisə deyil".
Bu sözləri Quba rayonunda doğuş zamanı ana və körpəsinin ölümü haqda "Sherg.az"a danışarkən həkim-ginekoloq Fəxranə Hüseynzadə deyib.
O bildirib ki, Sovet vaxtında (red. Sovet Sosialist Respublikası - SSR) ekologiya təmiz, qidalar təbii, orqanik idi. Analar normal qidanalanırdı, körpə də ana bətnində sağlam inkişaf edirdi:
"Qubadakı ana və körpəsinin ölümünün səbəbini komissiya araşdırır. Heç bir həkim pasientinin problemlə qarşılaşmasını, ələlxüsus, ölümlə nəticələnməsini istəməz. Sovet zamanında hər şey ödənişsiz idi. Hamı vaxtı gələndə poliklinikalara təqibə gedirdi. Ana bətnində problem olanda, aşkarlanırdı. İndi isə xüsusilə, rayonlarda hamilə qadınlar həkimə zamanında getmir, məsuliyyətsiz yanaşırlar. Əsas səbəb isə analizlər verməyə imkanlarının çatmamasıdır. Şəhərdə də qadınlar yoxlamaya zamanında gəlmir, nəinki rayon yerində".
Qeyd edək ki, Qubada pasiyent tibb müəssisəsinə daxil olarkən kritik ağır - aqonal vəziyyətdə olub. Mərkəzin Qəbul bölməsinə yerləşdirilən xəstəyə həkim heyəti tərəfindən ilkin tibbi yardım göstərilib. İlkin müdaxilə zamanı pasiyentdə hemorragik şok, uşaqlığın çapığının cırılması və onun bətnində ölü döl olduğu müəyyənləşib. Pasiyentə göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.