Xərçənglə mübarizədə son hüceyrə deyil, ilk hüceyrə önəmlidir

Alim yeni tədqiqata imza atıb

  Dünyada hər il xərçənglə mübarizəyə milyardlarla pul xərclənir. Alimlər bu istiqamətdə fəaliyyətlərini hər keçən il daha da artırsalar da, dəqiq bir nəticə hasil olmur, xərçəngin tam müalicəsinə gətirib çıxaracaq üsullar tapılmır. Xərçəngin qarşısı müəyyən qədər, həm də müəyyən bir müddətə alınır, lakin bu xəstəlik yenə də irəliləyir və insan ölümlərinə səbəb olur. Bu günlərdə Kolumbiya Universitetinin professoru Azra Raza xərçəngin müalicəsində yeni elmi tədqiqata imza atıb. Alim tədqiqat nəticəsində müəyyən edib ki, xərçənglə mübarizədə son hüceyrə deyil, ilk hüceyrə önəmlidir. “Şərq” “NTV.com.tr”y istinadən xəbər verir ki, alim bu haqda NTV televiziyasına müsahibəsində danışıb. Azra Raza deyib ki, xərçənglə mübarizədə əsas hədəf son hüceyrəni öldürtmək deyil, ilk hüceyrəni tapıb onu məhv etmək olmalıdır. “Xərçəngə baxış bucağı dəyişməlidir. Son hüceyrəni məhv etmək nəticə etibarilə bizə bir şey qazandırmır. İlk hüceyrə sağ qaldığından, yenə, təkrar artır, çoxalır. Ona görə də əsas hədəf ilk hüceyrəyə, başlanğıc hüceyrəyə çatmaqdır. Əsas ilk hüceyrə gərək tapılsın və ocaqdaca məhv edilsin”, söyləyən alim xərçəngin yaranmasına əngəl olan məhsulların daha çox yetişdirilməsinə çalışmağın vacib olduğunu da deyib.