Hazırda geniş yayılan xəstəlik qrip deyil
Kəskin respirator virus infeksiyasında qızdırma və halsızlıq olmur. Əsas əlamətləri zökəm, boğaz ağrısı və öskürəkdir
“Qrip canımızdan çıxmır”. Son vaxtlar ən çox eşitdiyimiz sözlərdən biridir. Evdə, işdə, ictimai nəqliyatda, marketlərdə hamı asqırır, hamı burnunu çəkir. Kimi dindirsən xəstəlik əlindən qan ağlayır. Hər zaman payız mövsümündə respirator xəstəliklərə yoluxma halları baş verib. Xüsusən bağça və məktəbyaşlı uşaqlar arasında mövsümi xəstəliklər daha çox müşahidə olunur. Amma bu il 7-dən 77-yə hamı xəstədir.
Yəni budəfəki xəstəliyin artım sürəti adi mövsümi yoluxmadan fərqlidir. Əksəriyyətə görə, COVID-19 pandemiyasından sonra ənənəvi viruslar daha təhlükəli və qəzəbli hala gəlib.
Bu iddiaları təsdiqləyən mütəxəssislər isə hesab edir ki, növbəti iki ildə biz daha tez-tez və daha ağır xəstələnəcəyik. Belə ki, pandemiya dövründə digər infeksiyalarla təmasdan təcrid olunmağımız immunitetimizin düzgün məşq etməsinə imkan vermədi.
Qrip virusu ilə bağlı danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib ki, qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur.
Onun sözlərinə görə, xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar var: “Buraya hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar (ürək, ağciyər, böyrək xəstəlikləri, metabolizm pozuntuları, qaraciyər, qan, nevroloji xəstəliklər) və immuniteti zəif olan şəxslər aiddir. Həmçinin İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər.
Ağır xəstələr stasionara yerləşdirilməli və antiviral və antibiotiklərlə daha intensiv terapiya almalıdırlar.
Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir”.
Həkim deyib ki, qripin fəsadları iki qrupa bölünür: “Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Buraya hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur.
Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardı (pnevmokok və stafilokok). Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda - ikinci həftənin əvvəlində inkişaf edir.
Qripin digər təhlükəli ağırlaşma növü kəskin respirator distres sindromudur. Bu ağırlaşmanın fonunda ciddi tənəffüs çatışmazlığı yaranır. Həmçinin qripin ağırlaşmaları otit, sinuzit, qlomerulonefrit, irinli meningit və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər.
Hamiləlik dövründə immun, tənəffüs və ürək-damar sistemləri əvvəlkindən fərqli işləməyə başlayır. Buna görə də bu zaman qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Ən çox rast gəlinən təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir”.
T.Eyvazov qeyd edib ki, payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər aşağı düşür: “Bu vaxtlarda xüsusən sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalıdır. Bunlar mümkün olmazsa, balanslaşdırılmış polivitamin həblərindən istifadə etmək olar.
Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni əllərin tez-tez yuyulması və digər respirator gigiyena qaydalarına əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsəfəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamaq, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir”.
İnfeksionist-hepatoloq Mərdan Əliyevin “Şərq”ə açıqlamasına görə, havaların qəfildən soyuması, günəşin aktivliyinin azalması, immun sisteminin zəifləməsi insan orqanizmində adaptasiya prosesini pozur. Bu isə xəstəliyə həssaslığı artırır: “Son aylarda qripəbənzər virusa yoluxma halları kəskin artıb. Çünki payızın gəlməsi ilə respirator xəstəliklərə yoluxma da artır. Qrip virusu dekabr ayından mart ayına qədər müşahidə edilir.
Virusun digər aylarda da müşahidə edilməsi mümkündür. Qrip deyəndə isə biz bütün kəskin respirator virus infeksiyalarını nəzərdə tuturuq. Amma bu, belə deyil. Bu infeksiyaları törədən 200-ə qədər virus var. Qrip virusu bunların içində ən ağır keçənidir. Qrip virusunda digərlərindən fərqli olaraq burun axıntısı olmur, yəni daha az müşahidə edilir. Ən çox qızdırma, halsızlıq, burun tutulması, boğaz ağrısı müşahidə edilir. Qrip virusu daha yaşlı şəxslərdə ölümə səbəb ola bilər. Pnevmoniya qripin ən ağırlaşmış formasıdır. Çox təəssüf ki, pnevmoniyalarda da ölüm halları müşahidə edilir”.
Həkim qeyd edib ki, qrip virusu ilə kəskin respirator virus qarışdırmamalıdır.
Qrip onların içində ən ağırıdır: “Digərlərində asqırıq, boğaz ağrısı olur. Hətta burun qıcıqlanması, qızdırma da nadir hallarda 1-2 gün müşahidə edilə bilir. Hamilələr bütün xəstəlikləri ağır keçirməyə meyilli olduqları üçün xüsusilə qrip virusundan özlərini qorumalıdırlar. Çünki hamilələrdə müəyyən hormonların ifraz olunması ilə əlaqəli olaraq onlarda immun sistemində zəifləmə müşahidə edilir. Beləliklə də, onlar qrip xəstəliyini ağır keçirə bilərlər. Hər kəs bilməlidir ki, qrip xəstəliyi ciddidir və ağırlaşmalar müşahidə edilə bilər. Buna görə də mütləq şəkildə bol maye qəbul edilməli və özlərini soyuğa verməməlidirlər. Belə olan halda xəstəliyin ağırlaşma ehtimalı da az olur”.
M.Əliyevin sözlərinə görə, hazırda geniş yayılan xəstəlik qrip deyil, kəskin respirator virus infeksiyalarından biridir: “Həmin xəstəliyi törədən iki yüzə yaxın virus var. Bu virusa yoluxmuş xəstələrdə koronavirusdan və qripdən fərqli olaraq qızdırma və halsızlıq olmur. Əsas əlamətləri zökəm, boğaz ağrısı və öskürəkdir”.
Həkim insanların virusdan qorunması üçün tövsiyələrini qeyd edib: “Bu xəstəlikdən özümüzü qorumaq üçün əsas geyimimizə, yuxu rejimimizə və qidalanmağımıza fikir verməliyik. Çünki qidalanma və yuxu rejimi birbaşa immunitetlə əlaqəlidir. Evin havasını gün ərzində iki dəfə, səhər və axşam dəyişmək lazımdır. Bunlara riayət etsək, virusa yoluxsaq belə, xəstəliyi yüngül keçirərik”.