Mövsümi xəstəliklərdən qorunmaq üçün mütləq şəkildə sentyabr-oktyabr aylarında qrip əleyhinə peyvəndlərdən istifadə olunmalıdır
“Virus infeksiyalarının bu cür kütləvi yayılması bu ilə xarakterik deyil. Tarix boyu payız və qış aylarında görülən hadisədir. Fəsil dəyişkənliyi və havaların soyuması səbəbindən immun sisteminin zəifləməsi ilə əlaqədar olaraq infeksiyaların fəallığında artım müşahidə edilir. İlin bu mövsümündə həmişə bu halla üzləşmək mümkündür”. Bu sözləri Sherg.az-a açıqlamasında həkim-infeksionist Natiq Əliyev deyib.
Son dövrlər ölkədə yayılan kəskin respirator virus infeksiyalarının yuxarı və aşağı tənəffüs yolu xəstəliklərinin fonunda aktivləşdiyini vurğulayan həkim deyib ki, virusun növündən asılı olaraq əlamətlərdə fərqlilik də ola bilər: “Virus infeksiyalarının xarakterik xüsusiyyəti subfebril temperatur, bəzən də qəfildən başlanan 38 dərəcə S-dək yüksələn temperatur, boğaz ağrısı, burun axıntısı, kataral əlamətlər özünü göstərir. Mədə-bağırsaq sisteminin funksional problemləri olduqda ishal, qarın ağrısı kimi şikayətlər ön plana keçir. Bəzi infeksiyalarda, yuxarı tənəffüs yolu infeksiyalarında burunda tutqunluq, boğazda və udqunmada ağrı, halsızlıq, ümumi əzələ ağrıları isə bütün virus infeksiyalarına xas olan əlamətlərdir".
N.Əliyevin sözlərinə görə, mövsümi xəstəliklərdən qorunmaq üçün mütləq şəkildə sentyabr-oktyabr aylarında qrip əleyhinə peyvəndlərdən istifadə olunmalıdır. Eyni zamanda düzgün maye balansı, yuxu rejimi, konservantlardan deyil, mövsümi qidalardan istifadə etmək immun sistemini gücləndirir. Belə sadə şərtlərə əməl etməklə virus infeksiyalarına qarşı döyüşkən orqanizm hazırlamaq mümkündür. Qapalı mühitdə çalışanlar vaxtaşırı olaraq otaqların havasını dəyişməlidirlər”.
Yayılan qrip xəstəliyinin epidemiya xarakterli olmadığını vurğulayan həkim növbəti iki həftə ərzində virusların səngiyəcəyini deyib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə deib ki, son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz: “Son günlər əhali arasında hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir.
O bildirib ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir: "Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni hər ilin soyuq aylarında vəziyyət təkrarlanır.
Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyalarının da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümi infeksiyalara yoluxma hallarının artması gözlənilən idi".