Ancaq ağır xroniki xəstəlikləri olan və yaşlı insanlar ehtiyatlı olmalıdır
Son vaxtlar dünyanın əksər ölkələrində COVID-19 infeksiyasına yeni yoluxma və ölüm hallarının azalması müşahidə edilməsinə baxmayaraq, beynəlxalq ekspertlər hələ də təhlükənin tam aradan qalxmadığı qənaətindədirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, virus durmadan mutasiya edərək dəyişir, yəni əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir.
Belə ki, koronavirusun Omikron variantının bir çox ölkələrdə, xüsusən də ABŞ-də yenidən artmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrə, hava yolu ilə səyahət edən sərnişinlərə maska taxmağı tövsiyə edib.
ÜST-nin Avropa Fövqəladə hallar üzrə direktoru Ketrin Smolvud bu günə qədər virusun ən sürətli yayılan XBB.1.5 altvariantının Avropada az olduğunu, lakin getdikcə artdığını mətbuat konfransında açıqlayıb.
Sərnişinlərə riskin daha yüksək olduğu hallarda, məsələn, uzun sürən təyyarə səfərlərində maska taxmaq tövsiyə olunub.
Bu günə qədər ən sürətli yayıldığı aşkar edilən Omikronun alt variantı olan XBB.1.5 yanvarın 7-nə qədər aparılan araşdırmalarda ABŞ-də koronavirus xəstələrinin 27,6 faizində təsbit olunub.
Mütəxəssislər deyirlər ki, mövcud vaksinlər xəstələri ağır simptomlardan, xəstəxanaya yerləşdirmə nisbətlərindən və ölümdən əhəmiyyətli dərəcədə qoruyur.
Qeyd edək ki, son sutkada Azərbaycanda 69 yeni yoluxma, 4 ölüm halı qeydə alınıb. Azərbaycanda yayılan xəstəliyin Omicron XBB.1.5 ştamı olmadığı bildirilsə də, dünya alimləri bu ştamla bağlı xəbərdarlıq edirlər. Belə ki, XBB.1.5 adlı yeni variant koronavirusun əvvəlki variantlarına nisbətən daha asan yoluxur. Eyni zamanda koronavirusa qarşı peyvənd olunan insanları da yoluxdura bilir.
Mütəxəssislər XBB.1.5 variantının dünya səhiyyə sisteminə təzyiq göstərə biləcəyini deyirlər. Bununla belə, yeni variantın əvvəlki variantlardan daha ciddi xəstəliklərə səbəb olduğuna dair hələ heç bir dəlil yoxdur.
İnfeksionist Vüqar Cavadzadə isə Omicron XBB.1.5 ştamının koronavirusun digər ştamlarından təhlükəli olacağına inanmır. Onun sözlərinə görə, Omicron XBB.1.5 ştamı daha sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, kəskin ağırlaşmalara səbəb olmur.
Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi olmadığını vurğulayan həkim deyib ki, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlar ehtiyatlı olmalıdır.
Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur.