İlk analıq təcrübəsi yaşayan qadınlara psixoloji dəstək mütləqdir
22 yaşlı Nuray Abdurrahmanova özünü asıb. Hadisə Şəki rayonunun Suçma kəndində qeydə alınıb. Yaşadığı evin sanitar qovşağında intihar edən qadının 7 aylıq körpəsi olduğu bildirilib.
Klinik-psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, qadının intiharı doğuş sonrası depressiya ilə əlaqəli ola bilər. Bu bir çox qadınlarda rast gəlinən hallar sırasındadır: “Hamiləlik və doğuşdan sonrakı müddətdə qadın orqanizmində baş verən proseslər depressiyaya meyilliliyi artırır. Adətən doğumdan sonrakı ilk aylarda ananın əhvali-ruhiyyəsindəki dəyişiklik bu və ya digər şəkildə özünü göstərməyə başlayır.
Əsasən də gənc yaşında ana olan, ilk uşağını dünyaya gətirən, evin tək uşağı kimi böyüdülən və ya evin tək uşağı olan, stresə davamsız, özgüvəni aşağı olan, hamiləlik müddəti, həmçinin doğumu ağır keçən qadınlarda daha çox müşahidə olunur. Qadının vəziyyətindəki bu dəyişikliklər gözardı edildikdə bu cür acınacaqlı və xoşagəlməz hadisələr yaşanır. Bəzən ana özünə xətər yetirməklə bərabər övladına da zərər verə bilir ki, bu da son nəticədə böyük ailə faciəsinə gətirib çıxarır. Ona görə də hamiləlik müddəti ərzində ana olacaq qadının qorxuları, uşaqla bağlı fikirləri, doğum qorxusu, həyəcanı və s. kimi nüanslar mütləq nəzərə alınmalı və ehtiyac yaranarsa psixoloq dəstəyi alması vacibdir. Həmçinin yaxşı olar ki, bu müddət ərzində bəylər də xanımları yalnız qoymasın və cütlük şəklində psixoloq dəstəyi alsınlar”.
Doğumdan sonrakı dövrün yenicə ana olmuş qadınların psixoloji vəziyyəti üçün önəmli faktor olduğunu vurğulayan N.Rüstəmova deyib ki, burada qayğı, ananın yalnız buraxılmaması diqqət edilməsi gərəkən nüanslardandır:
“Doğumdan sonrakı depresiya ilk övladını dünyaya gətirən və ilk analıq duyğusunu yaşayan qadınlarda sıx şəkildə müşahidə edilir. Çünki bu, onların ilk təcrübəsi olduğu üçün onlar uşaqla necə bacaracaqlarını, rəftar edəcəklərini, ona necə baxacaqlarını bilmirlər. Ona görə də ilk analıq təcrübəsi yaşayan qadınların psixoloq dəstəyi alması da onların psixoloji vəziyyətinə müsbət təsir edə və əgər depresiya əlamətləri varsa, psixoloqun köməyi ilə zamanında korreksiya edilə bilər”.