Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı
Ən böyük acını bizə ən böyük xoşbəxtlik, gülüş yaşadanlar yaşayır
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Əməkdar artist, 49 yaşlı aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər məscidində baş tutan vida mərasimində aktrisanın ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
T.Əliyeva “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
"Toppuş bacı" obrazı ilə tanınıb, sevilən aktrisa hər obrazı ilə tamaşaçıları güldürdü, sevindirdi. Amma özü sonacan sevinib gülə bilmədi. Onu qəfildən yaxalayan bu ağır xəstəlik həyatının və sənətinin ən çiçəkləndiyi bir vaxtında sevənlərindən ayırdı. Xəstəliyinə, ağrılarına rəğmən son anlarına qədər üzündə gülüş, təbəssüm yaratmağa çalışan “Toppuş bacı”nın ölümü onu sevənləri kədərə qərq edib.
Dəfn mərasimində iştirak edən aktrisa Dilarə Əliyeva da hönkür-hönkür ağlayıb. O, Tünzalə Əliyeva ilə bağlı xatirələrindən danışıb. Dilarə aktrisanın vəfatından dərin kədər hissi keçirdiyini ifadə edib: "Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat dolu idi ki. Azərbaycan tamaşaçısı onu çox sevirdi. Tünzalə kimi böyük aktrisamızı itirdik. Ötən gündən hər kəs onun üçün göz yaşı tökür. O mənim gözümü yolda qoydu. Onu gözləyə-gözləyə qaldım. Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki... Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.
Vida mərasiminə qatılanlardan biri də aktrisanın həmkarı Xuraman Əlizadə olub.
O, oğlu Əlinin Tünzalənin ölümünə çox pis olduğunu deyib:
“Sonuncu dəfə yazdı ki, bəlkə xətrivə dəymişəm. Cavab yazmadım. Bir-iki gündən sonra yazdım. Dedi yaxşı deyiləm. Sanki halallıq alırdı. Biz Tünzalə ilə çox yaxın idik. Uşaqlarımız da çox yaxın dost idilər. Mənim oğlum Əli Tünzaləni soruşur. Dedim Tünzaləni Allah apardı, o da əsəbiləşir, deyir niyə elə etdi? Mən də ona başa salıram ki, Tünzalə xala artıq cənnətdədir, mələkdir. Ondan sonra bir az özünə gəldi. Dedi onda Zəhranı tez-tez görərik, onunla dostluğumuz davam edər”.
X.Əlizadə Tünzalənin mədəkiçilmə əməliyyatından da söz açıb:
“Düşünürəm ki, Tünzalənin bu xəstəliyə yoluxmasında mədəkiçiltmə əməliyyatının da öz rolu olub. Bəlkə də ondan əvvəl olub və ya ondan sonra olub.
Məncə, mədəkiçiltmədən sonra normal qidalanmaq lazım idi, lakin Tünzalə yaxşı qidalana bilmirdi. Nəsə yeyəndə mədəsinə toxunurdu, özünü pis hiss edirdi. Mən ona bir dəfə sual verdim ki, “bilsən ki, bu xəstəliyə yaxalanacaqsan, yenə əməliyyat etdirərdin?” dedi ki, “hə”. O, bəlkə də öz səhhəti üçün, ya da görünüşünü sevmədiyi üçün bu əməliyyatı etdirdi, ancaq çox təəssüf. Mən onu dəhşət çox istəyirdim. Allah rəhmət eləsin!”.
Aktrisa Sonaxanım Əliyeva:
- Sonuncu görüşümüzdə demişdi ki, 6 ay ömrüm qalıb. Nə 6 ay, heç bir ay çəkmədi. Həmişə deyirdi Sona, yorulmuşam. Ağrılara dözə bilmirəm. Dərmanlara bədənimin taqəti qalmayıb. Amma bilirəm ki, yaşamalıyam. Balama görə buna məcburam. Biz onun yaşamasını çox istəyirdik. İnanırdıq ki, Allah bir möcüzə yaradacaq.
Müğənni Nadir Qafarzadə isə "Oxu.az"a açıqlamasında “Toppuş bacı”nın ölümünə inanmadığını deyib:
“Heç vaxt düşünməzdim ki, nə vaxtsa onun dəfnində iştirak edərəm. Xəstə olanda da eyni əhval-ruhiyyədəydi. İnsanları güldürsə belə, hər zaman dərdli olub. Əlacsız idi. Onu ən çox övladının tək qalması incidirdi. Heç vaxt düşünməzdim ki, onun dəfninə gələrəm. Atasının belinin bükülməyi məni sarsıtdı. Səbr diləyirəm”. N.Qafarzadə qeyd edib ki, Tünzalə Əliyevanın ölümü Azərbaycan incəsənəti üçün ağır itki oldu: “Biz kimisə itirəndən sonra qədrini bilirik. Həmişə qınayıblar. Heç kəs xoş günündən kiməsə ağız açmaz. Azərbaycan incəsənətinə ağır itki oldu”.
T.Əliyevanın vida mərasimində iştirak edən sənət dostu Çimnaz Sultanovanın sözlərinə görə, mərhum aktrisa sona qədər mübarizə aparıb: “O həmişə tamaşaçılarının yaddaşında toppuş bacı kimi qalacaq. Ömür boyu bizi güldürüb, indi ağladır. Çox güclü qadın idi, mübarizə aparırdı”. Ç.Sultanova qeyd edib ki, onun obrazları hər zaman yaşayacaq. “Böyük bir itkidir. Həmişə bizimlə qalacaq. Onun oynadığı obrazlar unudulmayacaq. Mən inanmırdım ki, nəsə baş verər. Arzuları var idi. Sonuna qədər deyirdi ki, yaşayacağam”.
Dəfn mərasimində teleaparıcı Zaur Baxşəliyev deyib ki, Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı: “Sonuncu dəfə xəstəxanadan yazmışdı. O da özünə görə deyildi. Bir gənc müğənnini efirə çıxarmaq istəyirdi. Bu həyatda heç nəyi özünə görə etmədi. Onu ayaqda saxlamağa çalışdıq. Lakin görünür, yazılana pozu yoxdur”. Z.Baxşəliyev qeyd edib ki, Tünzalə qızına görə yaşamaq istəyirdi:
“Həmişə deyirdi ki, Zəhraya görə yaşamaq istəyir. Tünzalə özü üçün yaşamadı. Doğmaları üçün yaşadı. Onun özü üçün yaşamağa vaxtı qalmadı”.
Sənət dostu Rafael İsgəndərov isə deyib ki, xahiş etmişdi ki, onun üçün dua edək.
Onun sözlərinə görə, mərhum aktrisa ilə sonuncu dəfə bu yaxınlarda danışıb.
“Sonuncu telefon danışığımızda xahiş etdi ki, dua edək. Çox pozitiv idi, xəstəlik onu mənən sındıra bilmədi. Əzizlərinə Allahdan səbr diləyirəm.
Jurnalist Hacıbəy Heydərli isə T.Əliyeva ilə bağlı düşüncələrini özünün sosial hesabında qeyd edib:
“Toppuş bacı" uşaqlığımızın xatirəsi idi. Hər həftə "Çal-çağır" verilişində izləyirdik, pozitiv insan idi, həmişə üzü gülürdü. Ancaq o gülüşün içində dünya boyda bir kədər yatırmış, o kədər, o niskin "Toppuş bacı"ya xərçəngi bəxş etdi, Tünzalə xanım gözümüzün önündə əridi, arıqladı, zəiflədi, çarəsiz duruma düşdü. Son gününə qədər tiktokda canlı yayımlarda idi, dəfələrlə şahidi olmuşdum ki, canlı yayımlarda saçının keçəl olmasına ilişirdilər, bəzi həmkarları onun pul yığmasını lağa qoyurdu. Bu gün "Toppuş bacı" öz ölümü ilə o adamları susdurdu, hamısı ona rəhmət oxumağa başladı.
Sağlığında kədərini görmədiyimiz adamlar öz ölümünü bizə hədiyyə edir, ən böyük acını bizə ən böyük xoşbəxtlik, gülüş yaşadanlar yaşayır. Bir mahnının verdiyi xoşbəxtliyi bizə verə bilməyən insanları həyatımıza alırıq...”.