Azərbaycanın dərman bazarında biabırçı vəziyyətdir

Texniki şərtlərə cavab verməyən dərman preparatlarının apteklərdə satılması istisna deyil

Adil Qeybulla həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə hər hansı bir sirop alıb uşağa içirtməyi yolverilməz sayır


  Keyfiyyətsiz öskürək dərmanı dünyanın üç ölkəsində 300-ə yaxın insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 4 ayda tərkibində zəhərli maddələr - dietilen qlikol və etilen qlikol olan uşaq öskürək siropları ən azı 7 ölkədə reseptsiz satılıb. Qurbanların əksəriyyəti beş yaşından kiçik uşaqlardır. Faciə ilə əlaqədar ÜST üç ölkəyə - Qambiya, İndoneziya və Özbəkistana qlobal sağlamlıq xəbərdarlığı edib.

Təşkilat təchizat zəncirində maraqlı tərəfləri təcili tədbirlər görməyə çağırıb.
  Xatırladaq ki, bir müddət əvvəl Səmərqənddə 18 uşaq kəskin respirator infeksiyalara qarşı dərman preparatı – etilen qlikol aşkarlandığı üçün dünyasını dəyişib. ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.

Tibb elmləri doktoru, professor  Adil Qeybulla “Şərq”ə açıqlamasında bildirib ki, etilen qlikoldan daha çox avtomobil sənayesində antifriz kimi istifadə olunur. Bu preparatlardan dərman əlavəsi kimi istifadənin qadağan olduğunu vurğulayan professor  deyib ki, dərman əlavələri müalicə əhəmiyyətli deyil. Dərmanlara dad və rəng vermək, onu stabilləşdirmək üçün istifadə olunur: 

“Rəsmi məlumata görə,  bizdə  etilen qlikol tərkibli  preparatlar qeydiyyatdan keçməyib. Amma Azərbaycanın dərman bazarında biabırçı vəziyyət hökm sürdüyü üçün texniki şərtlərə cavab verməyən dərman preparatlarının apteklərdə satılması istisna deyil. Mütləq bu istiqamətdə araşdırmalar aparılmalı və ölkədə satılan öskürək əleyhinə siropların tərkibi yoxlanılmalıdır. Hər hansı bir siropun tərkibində etilen qlikolun aşkarlanması cinayət məsuliyyəti yaradır. Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi qəbul edilməli və məsələ birbaşa dövlətin nəzarətində olmalıdır. Dərmanlar ölkəmizə kommersiya şirkətləri tərəfindən idxal edilsə də,  dövlət onlardan ciddi məsuliyyət tələb etməlidir. Azərbaycanda istifadəsinə icazə verilən dərman preparatlarının hər birinin istehsal edildiyi ölkə, firması, tərkibi mütləq şəkildə qeyd olunmalıdır”.  
  A.Qeybulla həmçinin  həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə hər hansı bir sirop alıb uşağa içirtməyin yolverilməz olduğunu xatırladıb:  “İlk növbədə öskürəyin yaranma səbəbini  tapıb ona uyğun müalicə  yazılmalıdır. Xüsusən də öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edilməlidir".