Böyrək xəstələri il ərzində 2-3 dəfə müayinədən keçməlidir

Xüsusilə risk qrupuna aid olan xəstələr ildə 4 dəfə müayinə olunmalıdır

Kiçikyaşlı uşaqlar daha həssas qrupdur. Valideynlər onları vaxtlı-vaxtında profilaktik müayinədən keçirməlidirlər

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov nazirliyin sosial media hesabında böyrəklərin xroniki xəstəliyi, böyrək əvəzləyici müalicə, hemodializ müalicəsi alan xəstələrin bilməli olduqları vacib məqamlar barədə sualları cavablandırıb.

  H.İsmayılov deyib ki, dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə (BƏM) alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir. Hazırda Azərbaycanda 3678 nəfər dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir.
  Həkimin sözlərinə görə, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 54 hemodializ mərkəzi 700 dializ aparatı ilə təchiz olunub: “Böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası və son vaxtlar sınaqdan keçirilən qarın boşluğuna implantasiya oluna bilən süni böyrək (implantable artificial kindey) aiddir. Əgər xəstənin yaşı, əsas xəstəliyi və s. uyğundursa, böyrək köçürülməsi ən uyğun böyrək əvəzləyici müalicə növü hesab olunur. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir".

  Nefroloq deyib ki, 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır: "Xəstəlik 5 mərhələyə bölünür ki, bu da xəstənin müalicə taktikasına və son mərhələdə böyrək çatışmazlığı və ürək-damar ağırlaşmalarının inkişaf riskinə görə fərqlənir.

  BXX-nin mərhələləri yumaqcıq filtrasiya sürətinə (YFS) əsasən müəyyən edilir. 1-ci və 2-ci mərhələlərdə xəstəlik demək olar ki, simptomsuz keçir. 3-cü mərhələdən artıq klinik təzahürlər aydın görsənir. 4-cü mərhələdə xəstə psixoloji baxımdan böyrək əvəzləyici müalicəyə hazırlanmalıdır.

  5-ci terminal mərhələdə yumaqcıq filtrasiya sürəti 15 ml/dəq az olur. Xəstəyə dializ və ya böyrək transplantasiaysı məsləhət görülür. Uyğun donorun olduğu zaman preemtiv (dializə düşmədən) böyrək nəqli tövsiyə olunur.

  Hemodializ isə orqanizmdə əmələ gələn artıq mayenin və zərərli maddələrin xüsusi membran vasitəsilə təmizlənməsidir. Periton dializində membran rolunu periton oynayır. Hemodializ müalicəsinə göstəriş həkim-nefroloq tərəfindən verilir, xəstənin əsas diaqnozu və hemodinamik vəziyyəti nəzərə alınır. Hemodializə göstərişlər kəskin və xroniki böyrək çatışmazlığı, dərmanların doza həddinin aşılması, kimyəvi maddələrdən zəhərlənmələr; qanda elektrolit balansının kəskin pozulmasıdır (hiperkalemiya və s.) Onlar 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər. İlk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər. Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır. Konservativ müalicənin əsas prinsiplərinə aiddir: əsas xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz. Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş/qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr, çərəzlər (qoz, fındıq, badam, fısdıq və s.) qidaların qəbulu qadağan edilməlidir”.

  Həkim-terapevt Rəhilə Əliyeva da “Şərq”ə açıqlamasında son vaxtlar müayinələr zamanı əhalinin müxtəlif yaş qrupları arasında xroniki böyrək çatışmazlığı hallarının həddindən artıq çox müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığı böyrəklərin bir neçə ay və ya il ərzində getdikcə öz funksiyasının itirməsinə gətirib çıxarır: 

"Beş mərhələdən ibarət olan bu xəstəliyin hər mərhələsində böyrəyin yumaqcığında süzülmənin və qanda kreatinin pozulması halları yaşanır. Ona görə də il ərzində 2-3 dəfə müayinədən keçmək lazımdır. Xüsusilə risk qrupuna aid olan xəstələr ildə 4 dəfə müayinə olunmalıdır.

  "Kəskin böyrək çatışmazlığı" və "xroniki böyrək çatışmazlığı" diaqnozu haqqında çoxları eşidib. Amma bunların ürək-damar xəstəlikləri, şəkərli diabet, QİÇS və digər xəstəliklərdə əksər hallarda ölümə səbəb olduğunu və ölüm riskini artırdığını az adam bilir. Böyrəklərin əsas funksiyası - şlakları, zərərli maddələri və duz yığıntılarını orqanizmdən təmizləməklə əlaqədardır. 

Həmin funksiyanın pozulması orqanizmin sürətlə intoksikasiyasına, bütün sistemin işinin pozulmasına və nəticədə ölümə aparıb çıxarır. Böyrək çatışmazlığı şəraitində istənilən xəstəliyin müalicəsi zamanı medikomentoz preparatların qəbulu orqanizmin zəhərlənməsi riskini artırır.

  Kiçik yaşlı uşaqlar daha həssas qrupdur. Valideynlər onları vaxtlı-vaxtında profilaktik müayinədən keçirməlidirlər. 

Gün ərzində hər bir şəxs 3-5 litr maye qəbul etməli və xaric olan sidiyin miqdarına nəzarət etməlidir. Xaric olan sidiyin miqdarı qəbul olan mayenin miqdarından 300 ml az olmalıdır”.