Marqarin yağı bədənimizi yavaş-yavaş öldürür


Trans yağlar alzheimer, xərçəng və ürək xəstəlikləri yaradır

  Həkim-dietoloq Yelena Solomatina onkoloji xəstəliklərə səbəb olan məhsuldan danışıb. Söhbət marqarin yağından gedir. O hesab edir ki, marqarin yağı bədənimizi yavaş-yavaş öldürür. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, bu məhsul insan orqanizminə birbaşa zərər vurur və xərçəngə səbəb olur: “Marqarin ilk növbədə trans yağlardır. Onlar hüceyrə membranını qeyri-elastik edir və o, lazımi komponentləri düzgün apara bilmir. Biz hüceyrələrdən ibarətik və onların normal fəaliyyətini pozsaq, problem yaranacaq.
  Trans yağlar doymamış yağ turşularının trans izomerlərini özündə ehtiva edən yağlardır. Trans yağlar təbii məhsullarda (gevişdirən heyvanların süd və ətində, eləcə də bitki yağlarında) az miqdarda ola bilər, lakin sənaye üsulu ilə istehsal olunan və müxtəlif qidalara əlavə edilən trans yağlar ən böyük təhlükə yaradır.
Məhz bu üzdən marqarin yağı ən təhlükəli yağ hesab edilir”.
  Qida sektoru üzrə mütəxəssis Aysel Hüseynli də hesab edir ki, gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, xüsusilə hazır qidalarda tez-tez qarşılaşdığımız trans yağlar özündə sağlamlığa zərər vuracaq risklər daşıyır: “Trans yağların kimyəvi quruluşuna baxdığımız zaman onların maye yağlardan çox da fərqli olmadığını görə bilərik. Lakin bu yağları fərqləndirən ən başlıca amil onların təbii deyil, tamamilə sintetik, yəni süni yağ olmasıdır. Trans yağlar doymamış yağlara (günəbaxan, zeytun və s.) hidrogen atomu əlavə edilməsiylə otaq temperaturunda qatı hala gətirilərək əldə edilən doymuş yağlardır (məsələn, marqarin).
  Bu prosesin əsas məqsədi qidaların rəf ömrünü (vitrində qalma vaxtı) uzatmaqdır. Ancaq trans yağlar qidaların rəf ömrünü uzadarkən sizin ömrünüzü qısalda bilər. Çünki hidrogenləşmə yolu ilə süni şəkildə əldə edilən yağlar orqanizm üçün zərərli xolesterol olaraq bilinən LDL (Low-density lipoprotein) xolesterolunu artırır, əksinə, faydalı olan HDL (High-density lipoprotein) xolesterolunu azaldır. HDL xolesterolu damarlarda yığılan LDL xolesterolunu toplayaraq, onu qaraciyərə daşıyır. Qanda LDL xolesterolunun səviyyəsi yüksəldiyi zaman o, qan ilə birlikdə daşına bilmir və damarların divarlarında yığılmağa başlayır. Beləliklə, trans yağlar damarların daralması, beyin və digər orqanlara lazımi qədər qan daşınmamasına, nəticədə isə iflic və infarkt daxil, bir çox xəstəliyin yaranmasına səbəb ola bilir.
  Trans yağların səbəb olduğu xəstəliklər  damar daralması, yüksək xolesterol və ya damar sərtliyi nəticəsində yaranır. Marqarin yağlar alzheimer, xərçəng,  diabet, piylənmə, qaraciyər xəstəlikləri, ürək xəstəlikləri, qadınlarda sonsuzluq, depressiyaya səbəb ola bilir. 
  Orqanizmində trans yağ səviyyəsi yüksək olan insanların infarkt keçirmə riski 3 qat daha artıqdır. İnsan orqanizminə vurduğu çoxsaylı ziyanlar əsas götürülərək, bir sıra inkişaf etmiş ölkələrdə bu yağlara qarşı bəzi tədbirlər alınıb. ABŞ, Braziliya, Danimarka, İsveçrə, Kanada və s. ölkələrdə istehsal olunan məhsulun tərkibindəki trans yağın faizlə qeyd edilməsi və bu miqdarın 2 faizi keçməməsi ilə bağlı qərar qəbul edilib. İnsan orqanizmi üçün lazım olmayan bu yağları hələ də mağaza vitrinlərində görürük. Trans yağlara kərə, bitki mənşəli yağlara nisbətən çox daha ucuz olması və yeməklərə özünəməxsus ləzzət verməsi səbəbindən əksər restoranlarda, hotel, kafe kimi yerlərdə üstünlük verilir. Xüsusilə də “fast food” yeməklərində bu yağların miqdarı həddindən artıqdır”.
  A.Hüseynlinin sözlərinə görə, ölkəmizə trans yağlar daha çox xarici ölkələrdən gətirilir. Bu baxımdan yağ alan zaman onun yerli olub-olmamasına da diqqət yetirmək lazımdır. Bütün hallarda düşünmək lazımdır ki, qəbul etdiyimiz qida bizim sabahımız üçün zəmanətdir.