Yeni ştamlar yüksək yoluxuculuğa malikdir

Əhaliyə xəbərdarlıq

Payız-qış mövsümündə koronavirusun yeni dalğası yayılacaq

Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır. Onlardan son ikisi - EG.5 (“Eris”) və BA.2.86 (Pirola ) getdikcə daha çox ölkələri “ələ keçirir”.
  
Sözügedən ştamların sürətlə yayılması bir çox ölkələrdə ciddi təşviş yaradıb. Pandemiya çoxları üçün keçmişdə qalsa da, mutasiyaya uğramış son ştamların dünyanın bir çox ölkəsində tüğyan etməsi, üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının da bu viruslarla bağlı hesabat dərc etməsi narahatlığı bir qədər də artırıb.
  ÜST-nin məlumatına görə, son ay dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxmada artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir.
  Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.
  Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5 faiz artıb.  
  Son həftə ərzində ABŞ-də COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. ABŞ-nin 9 ştatında və Almaniyada BA.2.86 artıq aşkar olunub.
  Latviyada yayda test nəticələrinin 5-10 faiz pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.
  Rusiyanın Altay vilayətində COVID-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. Artıq virusun yeni variantı Ermənistan və Türkiyədə də aşkarlanıb.  ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.
  Bəs Azərbaycanda koronavirusun yeni variantına yoluxma halı baş verib?
  Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir. Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.
  Mütəxəssislər  isə payız-qış dövründə yeni koronavirus dalğasının yaranacağını istisna etmirlər. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı hesabatları və dövlətlər daxilində nəzarəti gücləndirmək çağırışları narahatlıq doğurmaya bilməz.
  
İnfeksionist Sadiqə Əliyeva  “Sherg.az”a açıqlamasında deyib ki,  virus infeksiyaları  həmişə mutasiyaya uğrayıb yeni variantların yaranması xüsusiyyətinə malikdir. Bu təkcə  COVID-19 yox, digər viruslarda da müşahidə olunur. Bundan qabaq da biz COVID-19-un bir sıra  ştamlarının yaranmasını müşahidə etmişdik. Hazırda isə  “Eris” adı ilə təqdim olunan EG.5 ştamına yoluxma artır. Buna da səbəb payız-qış mövsümündə virus infeksiyalarının aktivləşməsidir. Yəni respirator virus infeksiyalarının artımı payızda başlayır və müvafiq olaraq COVID-ə yoluxanların sayı da artacaq. 
  
EG.5-in də əvvəlkilər kimi öskürək, qızdırma, halsızlıq, sümük-əzələ ağrıları kimi simptomlarla müşahidə edildiyini vurğulayan infeksionist əhaliyə sanitar-gigiyenik qaydalarına əməl etməyi, düzgün və sağlam qidalanmanı tövsiyə edir: 

“Vətəndaşları diqqətli olmalıdır, mümkün qədər xəstə insanlarla kontaktda olmamaq lazımdır. Gigiyena qaydalarına riayət etmək, insanların sıx toplaşdığı yerlərdə olmamaq mühüm şərtdir. Hər hansı bir virusa yoluxan şəxslər ətrafındakı insanları yoluxdurmamaq üçün maskadan istifadə etməlidir. Və bir də təbii ki, mövsümə uyğun geyinmək lazımdır. Həddindən artıq qalın geyinən şəxslər tərləyib özlərini soyuğa  verirlər. Bəziləri isə soyuq havalarda nazik geyindiyi üçün xəstələnir”. 
  
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə deyib ki, hər bir yeni yaranmış ştamm özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur.  İnfeksionist hələlik Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktına rast gəlinmədiyini  deyib: 

“Artıq bir neçə aydır ki, COVID-in “omikron” ştamının alt variantı olan EG.5 və ya digər adı ilə “Eris” dünyada sürətlə yayılır. Xüsusilə, ABŞ, Çin, İngiltərə və Avropanın bir sıra ölkələrində virus səbəbindən xəstələrin sayında ciddi artım müşahidə olunur. Əgər ölkəmizdə EG.5 virusu qeydə alınsa, COVID-19-un yoluxma hallarında artım olacaq. Lakin cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirdib və sağalıblar. Eyni zamanda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə göstəriciləri qənaətbəxş səviyyədədir. Ölkəmizdə hər zaman vaksinlərlə bağlı beynəlxalq tibbi qurumların tövsiyələri nəzərə alınır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının bu ştama qarşı xüsusi tövsiyələri açıqlanmayıb. Hər zaman olduğu kimi COVID-19-un bütün mutasiyalarına qarşı həssas əhali risk qrupuna daxildir. Xroniki problemlərdən əziyyət çəkənlər, yanaşı xəstəlikləri olan şəxslər, COVID-19-a qarşı peyvəndlənməyən insanlar xüsusilə diqqət etməlidir. Onlara ictimai yerlərdə tibbi maskadan istifadə etmələri, dezinfeksiyaya fikir vermələri məsləhət görülür. Bu insanlar üçün müəyyən qədər təhlükə hər zaman mövcuddur”. 
  
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev də  bildirib ki, yeni ştamlar yüksək yoluxuculuğa malik olduğu üçün dünyada virusa yoluxma sayı sürətlə artır:

 "Yeni yoluxma halları get-gedə daha da artır. Amma öldürücülük qabiliyyəti aşağıdır. Azərbaycanda bununla bağlı ciddi artım və ağırlıq səviyyəsi yoxdur. Ölkədə koronavirusun yeni ştamların olub-olmaması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Qonşu ölkələrdə olduğu üçün bizdə də olma ehtimalı var. Təsdiq etmək üçün xəstəliklə bağlı şikayətləri olan insanlardan diaqnostik olaraq testlər götürülməlidir. Yenə də ehtiyatlı olmaq lazımdır". İnfeksionist bildirib ki, hazırda yenidən vaksinasiyaya gərək yoxdur: "Mənim fikrimcə, yenidən vaksinasiyaya hazırda ciddi ehtiyac yoxdur. Yoluxma sayında artım olarsa, profilaktik olaraq vaksinasiya ola bilər. Virusdan qorunma yolları eynidir. Əgər ehtiyac varsa, maskadan istifadə edilməli, şəxsi gigiyenaya riayət edilməli və ara məsafə qorunmalıdır".