Yatarkən sırğa, üzük və boyunbağı taxmaq zərərlidir! 

Bakteriyalar yuvasıdır…
  
Xanımların bir qismi yatarkən zinət əşyalarını – sırğa, üzük, boyunbağı və s. çıxarmır. Bəziləri buna lüzum görmür, bəziləri çıxarmağa tənbəllik edir. Nəinki gecə yatarkən zinət əşyalarından ayrılmayan, hətta barmağında üzük, biləyində bilərzik ev işləri görən xanımlar da var. Mütəxəssislərsə davamlı olaraq zinət əşyalarından ayrılmamağın mənfi tərəfləri və təhlükələri haqda xəbərdarlıq edir. 

“Sherg.az” “Milliyet.com.tr”yə  istinadən bildirir ki, üzüyü barmaqdan, sırğanı qulaqdan çıxarmamaq ciddi fəsadlara səbəb ola bilər. Gecə yuxusu zamanı bədən hərəkətsiz qaldığından barmaqlar, ayaqlarda az da olsa şişkinlik yaranır. Əgər üzüyünüz barmağınızda qalıbsa, sonra onu çıxarmaqda çətinliklə üzləşəcəksiniz. Üzüyü çıxarmaq üçün əlləri sabunla yumaq, üzüyü sabun köpüyünün köməyi ilə fırlatmaqla çıxarmaq lazım gələcək. Ya da barmağa bitki yağı sürtüb üzüyü çıxarmağa çalışmalısınız. Əlləri buzlu suya salmaq da şişkinliyin çəkilməsinə səbəb olur. Boyunbağını çıxarmadan yatmaq da təhlükəlidir. Boyunbağı saçlara, boynunuza dolanıb normal yuxunu poza bilər. Daşlı-qaşlı boyunbağı isə boyun və sinə dərinizi cızıb, sizi yaralaya bilər. Zinət əşyalarının hazırlandığı hər hansı metal dəridə allergik reaksiya da verə bilir. Yatarkən qulaqda qalan sırğalar da çox təhlükəlidir. Sırğalar qulaqları ağrıdıb, qulaq məməciyini şikəst edə bilər. Üstəlik, sırğalar uzun müddət qulaqda saxlandıqda ölmüş bakteriyalar orada toplanır, bu da qulağınızdan pis qoxu gəlməsinə səbəb olacaq. Xanımlar yadda saxlasın ki, uzun zaman çıxarılmayan zinət əşyaları bakteriyalar mənbəyidir. Dəridə mikroblar əmələ gətirəcək. Uzun müddət çıxarılmayan və təmizlənməyən zinət əşyaları zamanla qaralır, bu da zinət əşyalarını köhnəlmiş göstərir.