Valideynlərin nəzərinə: Qızılcaya yoluxanlar artır  - Nə etməli?

Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb .                                                                 

Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprafilaktika bölməsinin müdiri  Gülafət Azadəliyeva danışıb.                                                                    

O, bildirib ki, həmin faktlar miqrasiya məsələsi ilə əlaqəlidir:                                                                                      

 "Xarici ölkədən gələn qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".                                                                         

Tibb elmləri doktoru, professor Adil Qeybulla  "Sherg.az"a açıqlamasında qızılca xəstəliyinin artmasının əsas səbəblərini sadalayıb:                                                                                                                                                                     
"Qızılca xəstəliyinin vaksini mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı ümumi milli təqvimi var.  Bu milli peyvənd təqvimi bizdə də təsdiq olunub. Təqvim əsasında uşaqlar müəyyən yaşda vaksin olunmalıdır. Təəssüflər olsun ki,  insanlar bu vaksinasiya prosesindən yayınırlar, vaxtında qeydiyyata düşmürlər.  Nəticədə vaksindən yayınan uşaqlar qızılcaya yoluxurlar. Əlbəttə, vaksini olan infeksiyaların vaksinasiyasından yararlanmaq lazımdır. Bu gün  yoluxanların sayında bu rəqəmlərin artması və geniş rast gəlinməsi də bununla bağlıdır. Xəstəliyin artmasının qarşısını almaq üçün vaksinasiya prosesi məcburi xarakter daşımalıdır. Amma  bunlar hələlik tövsiyə xarakteri daşıdığından milli təqvimə əməl edilmir. Valideynləri diqqətli olmağa çağıraq".