ÜST-dən həyacan təbili: Tənəffüs yolu xəstəlikləri artıb

Müəmmalı pnevmoniya xəstəliyindən ölənlər var, poliklinikalar xidmət göstərə bilmir


ÜST uşaqlar arasında artan xəstəliklərə görə həyəcan təbili çalıb.
Çində uşaqlarda tənəffüs yolu xəstəliklərinin artması Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tədbir görməyə sövq edib.
  Asiya ölkəsinin səhiyyə orqanları bu ayın əvvəlində uşaqlarda tənəffüs yolu xəstəlikləri və pnevmoniyanın artdığını aşkar ediblər. Səhiyyə rəsmiləri bu artımı koronavirus məhdudiyyətlərinin aradan qaldırılması və xəstəlik dövriyyəsi ilə əlaqələndiriblər.
  Noyabrın 22-də bildirilib ki, ÜST Beynəlxalq Səhiyyə Qaydaları mexanizmi vasitəsilə uşaqlar arasında qeydə alınan xəstəliklərlə bağlı əlavə epidemioloji və klinik məlumat, habelə laboratoriya nəticələri tələb edib.
  Çinin Milli Səhiyyə Komissiyası, yüngül simptomları olan uşaqların ilk növbədə ilkin tibb müəssisələrinə və ya ümumi xəstəxanaların pediatriya şöbələrinə getməli olduğunu bildirib. Çin dövlət mediasının məlumatına görə, Pekin Uşaq Xəstəxanasının daxili xəstəliklər şöbəsində xəstələrin orta sayı gündə 7 mini keçib. Bu rəqəm xəstəxananın imkanlarından çoxdur.
  ÜST həmçinin Çindəki mövcud texniki tərəfdaşlıq və şəbəkələr vasitəsilə alimlərlə əlaqə saxlamağı planlaşdırdığını bildirib.
Çində insanlara tənəffüs yoluxucu xəstəliklər riskini azaltmaq üçün ehtiyat tədbirlərinə əməl etmələri tövsiyə olunub.

  “Sherg.az”  “NTV”-yə istinadən xəbər verir ki, Çində mövsümi tənəffüs xəstəlikləri ilə yanaşı, bakteriyaların törətdiyi düşünülən, lakin hələ də diaqnozu qoyulmayan müəmmalı pnevmoniya halları uşaqlar arasında yayılmaqdadır. Noyabrın 21-də Beynəlxalq Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ISID) xəstəlik məlumat şəbəkəsi ProMed-də paylaşılan məlumat qeydində, paytaxt Pekində və şimaldakı Liaonin əyalətindəki uşaq xəstəxanalarında "diaqnoz qoyulmamış" pnevmoniyaya bənzər hallara görə "çox sıxlığın" olduğu bildirilib. Tayvan mərkəzli FTV televiziyasının mövzu ilə bağlı xəbərlərindən təfərrüatların yer aldığı qeyddə Pekin Uşaq Xəstəxanasına çoxlu xəstənin müraciət etdiyi və bir vətəndaşın "Xəstəxanada çoxlu uşaq müalicə altındadır. Onlarda öskürək  və  pnevmoniya əlaməti yoxdur, lakin yüksək hərarət və tənəffüs yollarında iltihab var” dediyi  qeyd olunub. 
  Həkim Stefan Gibson isə ProMed şəbəkəsində paylaşdığı mesajında bakterial tənəffüs yolları infeksiyası olan "mikoplazma pnevmoniyasının" ən az iki aydır ölkə daxilində yayıldığına diqqət çəkib və öskürəyin xəstəliyin əsas əlaməti olduğunu deyib və əlavə edib ki, uşaqlarda öskürək yerinə yuxarı tənəffüs yollarının simptomları, ürəkbulanma və qusma müşahidə edilə bilər.
  Həmçinin Gibson mikoplazma pnevmoniyasında tənəffüs yollarında "yanma tipli infiltratların" müşahidə ediləcəyini istisna etməyib.
FTV televiziyasının xəbərində Pekindən təxminən 800 kilometr şərqdə yerləşən Liaoning əyalətində "vəziyyətin ciddi olduğu" və Dalian Uşaq Xəstəxanasının foyesində sistem köçürülən  çox sayda  uşağın təcili  yardım şöbəsində müalicə olunmaq üçün gözlədiyi bildirilib: "Xəstələr iki saat növbə gözləmək məcburiyyətindədir. Hamımız təcili yardım xidmətindəyik, poliklinikalar xidmət göstərə bilmir”.
  Sözügedən xəbərdə  bəzi məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin xəstələndiyi, bəzi dərslərə fasilə verildiyi, valideynlərin aidiyyəti qurumları epidemiyanı ört-basdır etməkdə ittiham etdiyi də qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı isə uşaqlarda diaqnoz qoyulmamış pnevmoniya halları ilə bağlı Çindən rəsmi məlumat tələb etdiyini açıqlayıb.
  Qeyd edək ki, atipik bakterial infeksiya olan “mikoplazma pnevmoniyası” 2015-ci ildən bütün dünyada yayıldığı halda, COVID-19 epidemiyasına qarşı görülən tədbirlərin təsiri ilə 2019-cu ildən sonra azalmışdı.
  Antibiotik dərmanlarla müalicə edilən xəstəliyin yenidən yayılmasına bakteriyaların antibiotiklərə qarşı müqavimətinin artmasının səbəb olduğu ehtimal edilir. 
  Argentinanın Tukuman əyalətində müəmmalı pnevmoniya xəstəliyi səbəbindən 3 nəfərin öldüyü, 6 nəfərin isə yoluxduğu açıqlanıb. Bildirilib ki, xəstəliyin mənbəyi məlum deyil. Aidiyyəti qurumlar, hadisələrin COVID-19, qrip və hantavirusinfeksiyası (damar divarlarının zədələndiyi viral xəstəlik) də daxil olmaqla 30-dan çox virus və bakteriya üçün test edildiyi, lakin cavabların mənfi  çıxdığı açıqlanıb. Vəziyyətin yeni, əvvəllər məlum olmayan bir virusun mövcudluğunu göstərdiyini  qeyd edən mütəxəssislər xəstələrin karantinə alındığını, ÜST və EMA-nın isə hadisələri yaxından izlədiklərini açıqlayıblar.