Xaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb.
Report xəbər verir ki, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.
Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə verilib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb:
"Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri temperaturun 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur".
Qeyd edək ki, xəstəliklə əlaqədar hələ ki Xaçmaz rayon məktəblərində distant təhsilə keçən sinif yoxdur.