Sığınacaqda 40 uşaq qızılcaya yoluxub- Açıqlama 

Qızılca sığınacaqlara da çatdı. Verilən məlumata görə, Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindəki 40 uşaq qızılcaya yoluxub. 
Bu barədə birliyin sədri və mərkəzin rəhbəri Kəmalə Ağazadə məlumat verib. 

“Sherg.az”a açıqlamasında K.Ağazadə qeyd edib ki, həmin uşaqlardan nisbətən ağır vəziyyətdə olanlardan 25-i xəstəxanaya yerləşdirilib. Digərlərinin müalicəsi isə sığınacaqda aparılır: 
"Biz ilk növbədə vəziyyəti ağır olanları xəstəxanaya yerləşdiririk. Uşaqlardan 25 nəfər 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Əksəriyyəti 5 yaşadək olan körpələrdir. Yoluxmuş uşaqlara hazırda peyvənd vurmaq olmaz. Gigiyenik qaydalara isə biz onsuz da həmişə riayət edirik. Gigiyena və Epidemiologiya Mərkəzindən gəliblər və dezinfeksiya işləri görülüb. Müqavilə bağladığımız sanitariya şirkəti var, əməkdaşlar mütəmadi olaraq gəlirlər, uşaqlar xəstəxanaya göndərildikcə otaqlar təmizlənir, təmizlik işləri aparılır. Biz Binəqədi rayonu, 20 saylı poliklinikaya mütəmadi məlumat veririk. Təşəkkür edirəm poliklinika rəhbərliyinə, hər  gün bir həkim, bir tibb bacısı sığınacağa gəlir, uşaqları müayinə edir. Uşaqların qızdırması düşmədiyi halda xəstəxanaya yerləşdirilir. Çünki qızdırmanın enməməsi təhlükəlidir. Belə uşaqlar xəstəxanada tibbi personalın nəzarəti altında olmalıdırlar. Mənim tibbi personalım yox, həkimim yox... Axşam hansısa uşağın qızdırması qalxsa, vəziyyəti ağırlaşsa, necə olar? Düşünürəm ki, biz düzgün addım atırıq. Hesab edirəm ki, bu cür vəziyyətdə müəssisələrin karantinə qapanması çox önəmlidir".