"Ona görə də kütləvi yerlərdə, ictimai nəqliyyatda mütləq maska taxılmalıdır"
“Maşllah, toylarımız 500 nəfərlik, yaslarımız 1000 nəfərlik. Yoluxma da kütləvi toplantı yerlərində, kompakt yerlərdə baş verir. Ona görə də xəstəliklər yayılır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında terapevt, təcili tibbi yardım həkimi Şahvələd Məmmədov deyib. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a yoluxma hallarının artması səbəbindən maska taxmağa və peyvənd olunmağa çağırış edib. ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus sosial şəbəkəsində bildirib ki, dünyada COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar olaraq maska taxmaq və peyvənd almağa davam etməliyik. Onun sözlərinə görə, iki həftədir ki, koronavirus və qripə yoluxma halları artmaqdadır və bu tendensiyanın davam edəcəyi gözlənilir. O, COVID-19-un müalicəsinin ağır xəstəliklərin və ölümün qarşısını ala biləcəyini xatırladaraq insanları testlərdən keçməyə və tibbi yardım almağa təşviq edib. ÜST rəhbəri əlavə edib ki, maskalardan istifadə etməli, məsafəni saxlamalı, özünüzü və yaxınlarınızı koronavirus və qripə qarşı peyvənd etdirməlisiniz. Dekabrda ÜST dünyada COVID-19-a yoluxma hallarının 28 gündə 52 faiz artdığını bildirib. Ümumilikdə 850 mindən çox insan koronavirusa yoluxub.
ÜST-nin vaxtında və zamanında xəbərdarlıq etdiyini vurğulayan Ş.Məmmədov tövsiyələrə əməl olunmasını zəruri sayır:
- Maska taxmaq vacibdir, çünki maska yoluxmanın qarşısını almaq üçün ən asan və güclü vasitədir. Fikir vermisinizsə, son günlərdə şəhərdə əhali arasında maska taxanların sayı artıb. İnsanlar yoluxmaqdan qorxur, ona görə də maskaya qayıdırlar. Bu, düzgündür. Xüsusən də kütləvi yerlərdə, məclislərdə bacardıqca az iştirak etmək, zərurət yoxdursa belə yerlərə gedilməməlidir. Bizim əhali də, bilirsiniz, məclis keçirməyə çox meyillidir. Toylarımızda azı 500 nəfər, yaslarımızda da 1000 nəfər iştirak edir. Əlbəttə, insanların sıx toplaşdığı məkanlarda yoluxma təhlükəsi böyükdür. Hazırda bəli, koronavirusa yoluxmada da ciddi artış var, eləcə də, bilirsiniz ki, qızılca xəstəliyi yayılıb, dünyada artıq epidemiya halını alıb, qızılcaya ən çox yoluxma sayı hazırda Qazaxıstandadır. Bununla yanaşı suçiçəyi, qrip, paraqrip, qripə bənzər xəstəliklər, respirator xəstəliklər də çox yayılıb. Burada mövsüm dəyişiklikləri, havaların qeyri-sabit keçməsi də rol oyanır, lakin ən böyük səbəb əhalinin kütləvi yerlərə getməsi, məclislərdə kütləvi iştirakıdır. Mövsüm öz yerində, amma havadan da çox, insanlar bir-birini yoluxdurur. Ona görə də kütləvi yerlərdə, ictimai nəqliyyatda mütləq maska taxılmalıdır. Bununla həm özümüzü qorumuş olarıq, həm də ətrafdakıların yoluxmasının qarşısını ala bilərik.