"Qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir".
Bu barədə Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciətində qeyd edilib.
Bildirilib ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
"Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər", - müraciətdə vurğulanıb.