Astma bir gənci həyatdan aldı
Daha bir tələbəmiz xəstəlikdən dünyasını dəyişib. Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Vaqif Qasımov vəfat edib. BDU-dan verilən məlumatda qeyd olunub ki, universitetin Tarix fakültəsinin l kurs tələbəsi V.Qasımov bronxial astma xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, bronxial astma genetik kodlanmış xəstəlikdir. Xəstəlik bütün dünya həkimlərini narahat edən və geniş yayılan bir problemdir. Dünya əhalisinin 10 faizə qədəri bu xəstəlikdən əziyyət çəkir. Astma xəstəliyinə bütün yaş qruplarında rast gəlinir. Əldə olunan epidemioloji göstəricilərə əsasən, son 20 il ərzində ən çox uşaqlar arasında bronxial astma artıb.
Allerqoloq Günel Məmmədovanın "Sherg.az"a sözlərinə görə, tənəffüs yollarının xroniki iltihabi xəstəliyi olan bronxial astma əsasən, gecələr və ya səhərlər təkrar olunan fitli tənəffüs epizodlarına, təngnəfəsliyə, döş qəfəsində sıxıntı hissiyyatına, öskürəyə gətirir və yanaşı tənəffüs yollarının hiperaktivliyini törədir:
“Astma infeksion xəstəlik deyil. Xroniki xəstəlikdir. Bronxlarda ödem mikrob, infeksiya mənşəli deyil, iltihab nəticəsində ödem və bronxospazm yaranır.
Bu xəstəlikdə geriyə dönən tənəffüs yollarının obstruksiyası baş verir.
Nəfəsalmanın çətinləşməsi və öskürəklə müşayiət olunur. Vəziyyət ani olaraq ağırlaşa bilir və xəstə astmatik boğulma təhlükəsi ilə üzləşir.
Bu ona görə baş verir ki, xəstə kənar qıcıqlandırıcılara həddindən artıq həssas olur. Qıcıqlandırıcılara cavab olaraq böyük həcmdə selik əmələ gəlir və normal hava axınının qarşısını alır. Astmanın yaranma səbəbindən asılı olaraq allergiya və allerqiyasız formalara ayırd edilir. Bunun göstəricisi kimi allergenlərin (bitki tozu, yun, ev tozu və bəzi qida məhsullari) təsirindən kəskinləşən formaya allergik astma deyilir. Astma hücumu zamanı burun tutulması, bədəndə qızartıların peyda olması və qaşınmaların əmələ gəlməsi kimi vəziyyət yarana bilir.
Tənəffüs yollarının iltihabı allergik olmayan astmadan əziyyət çəkən xəstələr qıcıqlandırıcılara daha həssas olurlar. İstənilən qıcıqlandırıcı bronx spazmasına səbəb ola bilər. Bu zaman xəstə ağır vəziyyətə düşür, onu boğulma və ağır öskürək müşayiət edir”. Allerqoloqun sözlərinə görə, astma xəstəliyindən əziyyət çəkən şəxslərin həkim məsləhəti olmadan dərman preparatlarından istifadəsi yolverilməzdir”.