Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir
“Orta intensivlikli fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir”.
Bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib.
Oynaq ağrıları üçün xarakterik əlamətlərə toxunan N.Məmmədovun sözlərinə görə, oynaq ağrıları bir və ya bir neçə oynaq nahiyəsində baş verən xoşagəlməz haldır. Bu zaman oynaqlarda diskomfort yaranır. Adətən bu hal qollarda, ayaqlarda, bud-çanaq oynağında, dizlərdə və ya onurğada hiss olunur. Ağrı daimi və ya periodik ola bilər: “Bəzi xəstələr oynaqların dayanma, çırpınma və ya "xırtılma" hissindən şikayət edirlər. Bundan əlavə, səhər saatlarında oynaqda sərtlik hiss oluna bilər. Bir müddət keçərkən oynaqlarda sərtlik itir, lakin intensiv hərəkətlər etdiyi zaman daha da artır. Oynaq ağrıları oynaqların funksiyasına təsir göstərən və insanın əsas fiziki aktivliyini yerinə yetirmək qabiliyyətini məhdudlaşdıra bilər”.
Həkim qeyd edib ki, oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yanlışdır, ağrılar hər yaşda yarana bilər: “Bununla belə, oynaq ağrılarının əsas səbəbi kimi müxtəlif artritlər (osteoartrit, revmatoid artrit, reaktiv artrit, podaqra və s.) hesab olunur. Belə ki, artritin ümumi növü olan osteoartrit zamanla sümüklər arasındakı qoruyucu yastıq olan qığırdağın köhnəldiyi zaman baş verir. Osteoartrit yavaş inkişaf edir və adətən orta yaşda baş verir. Romatoidartrit oynaqlarda şişlik və ağrıya səbəb olan xroniki bir xəstəlikdir. Bu zaman tez-tez oynaqlar deformasiyaya uğrayır (adətən barmaqlarda və biləklərdə olur). Podaqra bədəndəki kristalların oynaqda toplandığı, şiddətli ağrı və şişkinliyə səbəb olan ağrılı bir vəziyyətdir. Bu, adətən ayağın baş barmağında olur. Bursit gərginlik səbəbindən baş verir, bud-çanaq, diz, dirsək və ya çiyin nahiyəsində olur. Bundan əlavə, viral infeksiyalar, səpgilər və ya qızdırma, həmçinin sümüklərin qırılması və ya burxulması kimi xəsarətlər oynaq ağrılarının yaranmasına səbəb ola bilər. Belə ki, tendinit, tendonların və ya sümük və əzələləri birləşdirən bağlantıların iltihabıdır, dirsəkdə, dabanda və ya çiyində görünür”.
Fizioterapevt Ramin Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, sümük pozğunluqları yavaş-yavaş inkişaf edir və ilk simptomlar yalnız əhəmiyyətli patoloji dəyişikliklərlə ortaya çıxa bilər:
“Buna görə də hər kəs uşaqlıqdan başlayaraq mütəmadi olaraq ortoped həkim tərəfindən müayinə edilməlidir. Əgər hərəkət zamanı ağrı ilə birgə şişkinlik də müşahidə edirsinizsə, oynaqlarda xırçıltı varsa, bel ağrısı, əllərin eyni vaxtda uyuşması, duruşun pozulması və yorğunluq, hava dəyişdikdə öncədən ağrılar varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Oynaq ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən 50 yaşdan yuxarı xəstələrdə qeyd edilir. Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın zədələnməsi ilə bağlı oynaqda kəskin ağrılar əmələ gəlir. Bu, osteoartrit xəstəliyidir, oynaqların aşınması deməkdir. Yaşlı insanlar buna kirəcləşmə də deyirlər. Bu zaman oynaqların qığırdaq toxumasının quruluşu pozulur, o, aşınır və zədələnir. Daha çox diz, ayaq, bilək və onurğa sütununda müşahidə edilir.
Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. Bir sıra vərdişləri dəyişmək də fayda verir. Məsələn, dizləri bükərək oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, mümkünsə, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir”.