Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır -XƏBƏRDARLIQ

Bəşəriyyəti güclü “X” xəstəliyi gözləyir


Burada söhbət hansısa məchul, təhlükəli infeksiyaların yayılmasından gedir


  COVID pandemiyası başa çatmamış dünyanı yeni virus bürüyə biləcəyinə dair xəbərdarlıqlar edilir. Davosda keçirilən Dünya İqtisadi Forumunda  deyilib ki, bəşəriyyəti “X” xəstəliyi gözləyir. Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır.
Bildirilib ki, yeni xəstəlik barədə Dünya İqtisadi Forumunda danışılacaq: “Sirli xəstəlik 2024-cü ilyanvarın 15-dən 19-dək İsveçrə şəhərində baş tutacaq Davos toplantısında gündəmin bir hissəsi olacaq. İclasda səhiyyəni qarşıda duran çoxsaylı problemlərə hazırlamaq üçün lazım olan tədbirlər nəzərdən keçiriləcək”.
  Yeni xəstəliklə birbaşa bağlı iclasın yanvarın 17-də keçiriləcəyi də bildirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ 2018-ci ildə “X” xəstəliyini prioritet xəstəliklər siyahısına salmışdı. ÜST bildirir ki, bu xəstəlik COVID-19-dan 20 dəfə daha çox ölümə səbəb ola bilər.

  Professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında deyib ki, növbəti illərdə yoluxucu xəstəliklərin, infeksiyaların yayılması və onların pandemiya, epidemiya halını alması gözləniləndir:
 “Hələ 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı mümkün olan təhlükəli infeksiyaların yayılma riski haqqında hesabat yaymışdı. Hətta  o  hesabatda insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qrip virusunun adı qeyd edilmişdi. Virusların fəallaşması qlobal istiləşmə, iqlim dəyişikliklərinə bağlıdır. Bu təlatümlər insanların immun sistemində müxtəlif dəyişikliklərə səbəb olur”.  
 
 2019-cu ildə yayılan COVID-19 pandemiyasını xatırladan A.Qeybulla bu infeksiyanın heç ÜST-nin nəzərində olmadığını  deyib. Həkimin sözlərinə görə, gözlənilən “X”  xəstəliyi konkret bir virusu ehtiva etmir. Burada söhbət  hansısa məchul, təhlükəli infeksiyaların yayılmasından gedir. Qripin yeni, öldürücü ştammlarından birinin meydana gəlməsi və pandemiya törətməsi də mümkündür. Məsələn, “ispan qripi”nin mutasiyası. Bu, qarşıda gözlənilən bir proqnozdur və nə vaxtsa baş verəcək:
  "Eyni zamanda digər təhlükəli infeksiyaların hemorragik qızdırma, sarı qızdırma, denq qızdırması, təbii çiçək, taun, vəba və s. kimi  infeksiyalarının mutasiyaya uğramış formalarının peyda  olma riski  hər zaman aktualdır. ÜST də xəbərdarlığında bunu nəzərə çatdırır ki, bu təhlükəli virus infeksiyalarından hansınınsa pandemiyası  ortaya çıxsa, profilaktika olaraq hansı addımlar atılmalı, virus necə lokallaşdırılmalıdır. COVID-19 pandemiyası göstərdi ki, dövlətlərarası assosiativ əlaqələr bu istiqamətdə yetərincə  hazırlıqlı deyil.  ÜST də zamanında bu problemləri qabaqlaya bilmədiyi üçün  koronavirus bütün dünyanı cənginə aldı. İndi isə hər hansı bir virus yayılacağı halda bəşəriyyatı xilas etməyin yollarını axtarırlar ki, eyni səhvlər təkrarlanmasın”.  
  Professorun sözlərinə görə, tibb elminin inkişaf etməsi, yeni dərman preparatlarının yaradılması, gigiyena qaydalarına əməl edilməsi, o cümlədən dezinfeksiyaedici məhlullar pandemiyanın qarşısını nisbətən alır.  Lakin pandemiyanın əmələ gəlməsini və sürətlənməsini şərtləndirən amillərdən biri həmçinin dövlətlərarası səyahətlərdir.